Peleyə Olimpiya məşəlini alovlandırmaq təklif edildi
Əfsanəvi braziliyalı futbolçu Pele Rio-de-Janeyroda Oyunların açılış mərasimində Olimpiya məşəlini alovlandırmaq təklifi alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, yerli telekanalın efirində danışıb.
“Prezident (Braziliya Olimpiya Komitəsinin Karlos Artur) Nuzman və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (Tomas Bax) şəxsən bunu mənə təklif ediblər. Amma mənim müqavilələrim var və ölkədən kənarda olacam. Əgər əvvəlcədən üzərimə götürdüyüm öhdəçilikləri təxirə sala bilsəm, çox şad olardım. Bu, böyük şərəfdir, amma Olimpiya məşəlini yandıra biləcəyim barədə əvvəlcədən heç nə deyə bilmərəm”, - TASS onun sözlərindən sitat gətirir.
Xatırladaq ki, Pele FİFA-nın versiyasına görə, XX əsrin ən yaxşı futbolçusudur. Daha öncə o, Yay Olimpiyadası - 2016 həsr edilmiş “Ümid” mahnısını yazdırıb.
Olimpiya oyunları Rioda avqustun 5-dən 21-nə qədər keçiriləcək.
Mənbə:> Oxu.Az