Azərbaycan Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb
Azərbaycan boksçusu Teymur Məmmədov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Oxu.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı idmançı buna Bakıda keçirilən Dünya Təsnifat Turnirində nail olub.
Günün ikinci yarısında mübarizəyə qoşulan Olimpiya mükafatçımız dörddəbir finalda döyüşündə mərakeşli boksçu Hassan Saadanı ilə qarşılaşmalı idi.
Rəqib döyüşə çıxmaqdan imtina etdiyi üçün Məmmədov qalib elan olunub və yarımfinala yüksəlib. Bununla atletimiz Rio Olimpiadasına vəsiqəni rəsmiləşdirib. Azərbaycan Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.
Bu gün rinqə çıxan digər boksçumuz Kamran Şahsuvarlı isə 75 kq çəkidə 1/4 final döyüşündə irlandiyalı Maykl O Rilliyə uduzaraq, mübarizəni dayandırıb. Bununla belə, Şahsuvarlı O Rilli qalib olacağı təqdirdə, lisenziya qazanacaq.
İyunun 24-də isə Rüfət Hüseynov (49 kq) meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda görüşəcək. Bu çəkidə finala yüksələn boksçu “Rio-2016”ya lisenziya əldə etmiş olacaq.
Qeyd edək ki, dünyanın 105 ölkəsindən 469 boksçunun mübarizə apardığı yarışda son 39 lisenziyanın sahibi müəyyənləşəcək. Turnirə iyunun 25-də yekun vurulacaq
Mənbə:> Oxu.Az