Toğrul Əsgərov: Olimpiya oyunları sensasiyaları sevir
«Göygöl Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışı bu mövsüm ərzində sayca üçüncüdür. Hazırlığımız yüksək səviyyədə gedir. Hər gün güləş döşəyində işləyirik. Kubalı həmkarlarımızla ikitərəfli görüşlər də xeyrimizə olacaq». Allsport.az saytı xəbər verir ki, bunu KİV-ə açıqlamasında sərbəst güləşçi Toğrul Əsgərov (65 kq) dedi. Olimpiya çempionumuzun sözünə görə, hər şey Rio-2016-ya hesablanıb; biz idmançıların borcu orada özümüzü yaxşı tərəfdən sübut etməkdir:
«Mən heç vaxt sözdə yalançı çıxmaq istəmərəm. Heç bir güləşçiyə 100 faiz təminat yoxdur ki, o çıxıb xalçada qalib gələcək. İdmandır, hər şey ola bilər. Bəzən böyük yarış ərəfəsində alınan bir zədə qarşıya qoyulan hədəfi heç edir. 4 il bundan qabaq heç kimin ağlına gəlməzdi ki, finalda 4-qat dünya çempionuna qalib gələm. Hər şey mümkündür. Olimpiya oyunları sensasiyaları sevir. Məşqçilər heyəti mənə şans verərsə, istəyim, məqsədim odur ki, çıxıb əlimdən gələn ortaya qoyum – Vətənə 2-ci «olimpiya qızılı»nı qazandırım».
Toğrul Əsgərov rəqibləri barədə də danışdı. Bildirdi ki, ötən il Las Veqasda keçirilən lisenziya xarakterli dünya çempionatında hakimlər onu italiyalı rəqibinə uduzdurublar: «Güləşdə «tuşe» vəziyyəti olduqda, hakimin 30 saniyəyə təmiz qələbəni işarə etməməsi, kobud qayda pozuntusudur. İtaliyalı rəqibimə qalib gələrdimsə, daha orada mənə ciddi əncəl qalmırdı. Düzdür, bu güləşçi əsas tərəf-müqabilimdən sayılır. Güclü idmançıdır, ancaq məğlubedilməz deyil. Hər şeyə hazır olmaq lazımdır. Axı mən olimpiya çempionuyam. İnşallah, gələcək yarışlarda bunun əvəzini çıxacağam».
Milli komandada digər titullu idmançı Hacı Əliyevlə çəki yaxınlığı olsa da, bu, gəncəli pəhləvanı qorxutmur. Sitat: «Zalda aramızda elə söhbət yoxdur: yarışa eyni çəkidə mənim yox, Hacı Əliyevin yollanması və ya əksinə. Belə söhbətlər yalnız şayiədir. Hərə öz çəkisində mübarizə aparacaq. Komanda yoldaşımın 65 kq-da rus və gürcü rəqibləri indi 57 kq-da çıxış edəcəklər. Onlar bundan sonra çəkilərini qaldıra bilməzlər. Burda güc və çəki məsələsi var. Bir çəkiyə uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır».
Mənbə:> Allsport.az