Aleksandr Kosenko: Azərbaycanda başa düşürlər ki, əcnəbilərsiz heç nə edə bilməyəcəklər
Ukraynanın futzal üzrə yığmasının baş məşqçisi Aleksandr Kosenko bu idman növündə oyunçuların milliləşdirilməsindən danışaraq, Azərbaycanı da yaddan çıxarmayıb.
“Hesab edirəm ki, idmançıları milliləşdirməkdənsə, hər bir ölkə öz yeni nəsil idmançılarını yetişdirməyə üstünlük verməlidir, - Oxu.Az isport.ua nəşrinə müsahibə verən ukraynalı mütəxəssisin sözlərindən sitat gətirir. - Biz məhz belə edirik. Yeri gəlmişkən, dünya çempionatının təsnifat mərhələsində öz qruplarında birinci yeri tutan yeddi ölkədən yalnız Ukraynanın heyətində braziliyalı yoxdur! Hətta Rusiya kimi böyük ölkə, Braziliya futzalçılarından yararlanır. İspaniya və Portuqaliya kimi ölkələrdə braziliyalıların çıxış etməsi anlaşılandır, lakin digər milli komandalarda...
Məsələn, Azərbaycan və Qazaxıstan yığmaları nə etsinlər? Onlar çox yaxşı başa düşürlər ki, öz futbolçuları ilə çox qabağa gedə bilməyəcəklər. Amma biz bunun əksini sübut etdik. Bizim öz istedadlarımız, öz güclü tərəfimiz var. Bilirəm ki, braziliyalıların oyunla bağlı ilk sualı belədir: Bizə nə qədər pul verəcəklər? Aydındır ki, hər işə görə pul ödəmək lazımdır, lakin milli komandanın oyunçusu həmçinin vətənpərvər olmalıdır. Öz futbolçularımızı həvəsləndirməyi bacarırıq. DÇ-2016-nın təsnifat mərhələsində uğurlu çıxışlarına görə onlar mükafat alacaqlar”.
Mənbə:> Oxu.Az