Millimizin qazanmaq istədiyi kuboku oğurladılar
Braziliyada növbəti böyük oğurluq hadisəsi yaşanıb. Apasport.az saytının məlumatına görə, voleybol üzrə dünya çempionlarına verilən kuboklar oğurlanıb.
Hadisə 2016-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Rio-de-Janeyroda baş verib. Qarətçilər həm kişi, həm də qadın komandaları arasında keçirilən mundialın əsas mükafatlarına “sahib” çıxıblar.
Bu məlumatı Braziliya Voleybol Konfederasiyasından veriblər. Hər 2 kubok voleybolun populyarlaşmasına xidmət edən reklam aksiyası çərçivəsində məşhur Kopakabana çimərliyində nümayiş olunurmuş.
Oğrular da mükafatları onları daşıyan maşından ələ keçiriblər. Lakin qarətçilər kubokdan qazanc əldə edə bilməyəcəklər. Çünki onların heç bir qiyməti yoxdur. Bu da kubokların hazırlanması zamanı qiymətli materiallardan istifadə olunmaması ilə bağlıdır.
Yeri gəlmişkən, oğurlanan mükafatlara iddiaçılar arasında Azərbaycan millisi də var. Qadınlardan ibarət komandamız sentyabrda İtaliyada start götürəcək mundiala qatılacaq. Kişilər arasında dünya çempionatına isə Polşa ev sahibliyi edəcək.
Qeyd edək ki, 1970-ci ildə üçüncü çempionluğunu qazandığı üçün əbədi olaraq Braziliya verilən futbol üzrə “Qızıl İlahə” də 1983-cü ildə oğurlanıb və indiyədək tapılmayıb.
Mənbə:> Apasport.az