ABŞ radiosunda “Azərkosmos”dan danışdılar
“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) geniş auditoriyaya malik olan, məşhur “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelora müsahibə verib.
ASC-dən “AzərTAc”a bildirilib ki, müsahibədə “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və gələcək planları barədə məlumat verilib. Söhbət əsnasında kosmik sahədə Azərbaycan və ABŞ arasında sıx əməkdaşlığın olduğu qeyd olunub, “Azerspace-1” və “Azerspace-2” peyklərinin ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri olan “Orbital Sciences Corporation” və “Space Systems/Loral” (SSL ) tərəfindən yüksək etibarlı platformalar əsasında istehsal olunduğu vurğulanıb.
Müsahibə zamanı “Azərkosmos” tərəfindən Azərbaycanda kosmik sahədə kadr potensialının yaradılmasına dəstək verilməsi, şirkətdə toplanmış təcrübənin tələbələrə ötürülməsi və yerli mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində “Azərkosmos” ASC-nin fəaliyyətə başladığı 2011-ci il “Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olmasına təsadüf edib. Proqram çərçivəsində texniki ixtisaslara üstünlüyün verilməsi “Azərkosmos”un azərbaycanlı gənclərdən ibarət texniki heyətinin formalaşması zamanı seçim imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Həmçinin peyk texnologiyaları sahəsində qlobal trendlər və telekommunikasiya sektorunun dəyişən dinamikası haqda da fikir mübadiləsi aparılıb.
Müsahibənin səs yazısını https://audioboom.com/posts/6955166-azerbaijan-to-commercial-space-and-the-stars-rashad-nabiyev-azercosmosojsco-azerspace-azembassyus keçidindən istifadə etməklə dinləmək olar.
“Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal “ABC Radio Şəbəkəsi”nə daxil müxtəlif ştat və şəhərlərində geniş çeşidli radiokanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.
Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxaracaq.
Mənbə:> AzerTac