Avropa Oyunlarının Leyli və Məcnunu danışdı – VİDEO
“Əllərim yanırdı”.Ötən cümə bütün Avropanın diqqətinin yönəldiyi Bakıda ilk Avropa Oyunlarının açılış mərasimində Azərbaycan ədəbiyyatında əbədi sevgini simvolizə edən Leyli və Məcnun obrazı yaddaşlara həkk olunub.
AzNews.info ANS TV-yə istinadən xəbər verir ki, möhtəşəm səhnə tərtibatı öz füsunkarlığı ilə seçilib. Amma bu mənzərəni bir qədər də qeyri-adi edən tarixi əfsanəvi qəhrəmanları canlandıran Aydəmir və Nərgiz olub.
Hazırlıqlara gəlincə, Dövlət Rəqs Ansamblında fəaliyyət göstərən bu gənclər iki ay müddətində gün ərzində 4-5 saat məşq etdiklərini dedilər.
“Avropa Oyunlarının açılış mərasiminin bədii rəhbəri Dimitris Papaioannoudur. Onun dediyinə görə, ona nə gözəllik, nə də boy-buxunlu şəxs lazımdır, ona əsasən təbilik lazım idi. Çünki kameralar çəkəcək və neçə milyon insan buna baxacaq. Ona insanlara o enerjini çatdıra biləcək insanlar lazım idi. Məhz həmin gün biz ora gedəndə onun tərcüməçisi bildirdi ki, artıq Dimitris Papaioannoud öz seçimini edib”, – deyə rəqqasə Nərgiz Nəsirzadə bildirib.
Aydəmir isə tapşırığın elə də asanlıqla ərsəyə gəlmədiyini etiraf edir.
“Orada qaya ilə yer arasında məsafə 30 metr idi. Təqdimatdan öncə yanan daşla bir neçə dəfə məşq etdik. Məşqlərə yeni başlayanda əllərim yanırdı”, – deyə rəqqas Aydəmir Aydəmirov qeyd edib.
Əlində yanan daşları gəzdirən Aydəmir necə olur olursun hər şeyin yaxşı olmasını qarşısına məqsəd qoyduğunu bildirir:
“Yanan daşla o qədər məşq etmişdim ki, artıq özləri mənə deyirdilər ki, əlin yananda daşı burax. Amma bunu etmirdim, əgər bu iş mənə tapşırılıbsa, bunun öhdəsində layiqincə gəlməliyəm”.
Mənbə:> ANSPRESS