Ledi Qaqa bir neçə gün Bakıdakı otellərdən birində gizlənib
Məşhur müğənni Ledi Qaqanın “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində çıxış etməzdən əvvəl bir neçə gün Bakıdakı otellərin birində gizlənib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Assosiated Press agentliyinə açılış mərasiminin Böyük Britaniyadan olan koordinatoru Katerina Uqvu danışıb.
“Ledi Qaqanın bu mərasimdə iştirakını gizli saxlamaq çox ağır idi. O, bizi başa düşdü və çıxışa qədər bir neçə gün ərzində oteldən çıxmamağa razılaşdı”- deyə təşkilatçı bildirib.
Müğənninin açılış mərasimində çıxış edə biləcəyi ancaq mərasimin başlamasına bir neçə saat qalmış məlum olub.
Ledi Qaqa İntagramda foto paylaşaraq “Mən indi haradayam?” deyə sual verib. Pərəstişkarlarından bəziləri onun Bakıda olduğunu təxmin etdiklərini yazıblar.
Açılış mərasimində Ledi Qaqa səhnəyə çıxıb və Con Lennonun repertuarından İmagine mahnısını ifa edib. Ledi Qaqanın mərasimdə iştirakının neçəyə başa gəldiyi açıqlanmır.
"Mənim üçün Bakıda ilk Avropa Oyunlarının açılış mərasimində ifa etmək böyük şərəfdir" - Ledi Qaqa Qərb mətbuatına açıqlamasında belə deyib.
Dünya mətbuatı məşhur müğənninin geyiminə xüsusi diqqət ayırıblar. Hər zaman qeyri-adi tərzilə seçilən müğənninin bu cür dəbdəbəli açılış mərasiminə ağ rəngli, sadə geyimdə qatılması böyük marağa səbəb olub.
Mənbə:> Virtualaz.org