Parisdə azərbaycanlı cazmenin konserti olub
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə istedadlı gənc azərbaycanlı cazmen Elçin Şirinov Parisin “Sunside” konsert salonunda fransız tamaşaçıları qarşısında çıxış edib.
Almaniya, Fransa, İsveçrə, Gürcüstan, Malayziya və Polşada müvəffəqiyyətlə çıxış edən gənc virtuaz ifaçının konserti tələbkar fransız musiqi həvəskarlarının böyük marağına səbəb olub.
Cazmen Azərbaycan bəstəkarları ilə bərabər, Avropa bəstəkarlarının əsərlərini də ifa edib. Konsertdə onu kontrabasda Andrea Di Biase və zərb alətlərində Dave Hamblette müşayiət ediblər.
Tamaşaçı Katrin Paskal konsertdən aldığı təəssürat barədə deyib: “Mən Azərbaycan caz musiqisini dəfələrlə dinləmişəm. Virtuaz ifaçılardan İsfar Sarabskinin və Şahin Növrəslinin çıxışları məndə Azərbaycan cazına böyük maraq oyadıb. Elə bu səbəbdən də Elçin Şirinovun çıxış edəcəyini bilən kimi, onun solo konsertində iştirak etməyi qərara aldım. Əgər başqa bir vaxt kimsə mənə Azərbaycanın caz ölkəsi və orada çoxlu sayda istedadlı gənc virtuaz ifaçıların olduğunu desəydi, bir qədər şübhə ilə yanaşardım. Amma indi mən doğrudan da Azərbaycanın istedadlar ölkəsi olduğuna bir daha əmin oldum.
Elçinin ifaçılıq tərzinə gəldikdə isə onu deyə bilərəm ki, o, istər Azərbaycan, istərsə də Avropa bəstəkarlarının əsərlərini yüksək səviyyədə, özünəməxsus tərzdə ifa etdi. Caz konserti tamaşaçılar tərəfindən hərarətlə qarşılandı. Salonda boş yerlərin olmaması konsertə böyük marağın əyani göstəricisidir”.
Mənbə:> AzərTAc