Finlandiya nazirini avtoxuliqanlığa görə cərimə etdilər
Finlandiya XİN rəhbəri Erkki Tuomioya texniki baxış keçməmiş avtomobili sürdüyü və sürət həddini aşdığı üçün doqquz günlük əməkhaqqı məbləğində cərimələnib, Yle bildirib.
Xəbər verildiyi kimi qayda pozuntusu hələ 2014-cü ilin sentyabr ayının əvvəlində Helsinkinin mərkəzində olub. XİN rəhbəri saatda 49 km sürətlə hərəkət edirmiş, yolda sürət həddi isə 40 km olub. Prokurorluqdan verilən məlumata əsasən, Tuomioya cərimənin yazılmasına etiraz etməyib, Oxu.Az Qazeta-ya istinadən xəbər verir.
Nazirin avtomobili 2014-cü ilin may ayının sonuna qədər texniki baxışdan keçməli idi. Tuomioyanın özü isə bildirib ki, maşını texniki xidmət stansiyasına aparıb, amma rəsmi texniki baxışın keçirilməsini yoxlamayıb.
“Bu, əlbəttə mənim günahımdır ki, texniki baxışın keçirilməsini yoxlamamışam, amma belə olur. Belə şeylər polis maşınları ilə də baş verir”, - nazir bildirib.
Mənbə:> Oxu.Az