Xaricdəki tələbəmiz: ““İnter” - “Qarabağ” oyununda tərcüməçilik etdim” – MÜSAHİBƏ+FOTO
AzNews.info İtaliyanın Peruca universitetində təhsil alan tələbəmiz Məryəm Mehdiyevanın Modern.az saytına müsahibəsini təqdim edir:
O, 1987-ci ildə Bakı şəhərində anadan olub. 2005-2009-cu illərdə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində təhsil alıb. Hazırda İtaliyanın Peruca universitetinin Beynəlxalq Münasibətlər və Reklam fakültəsində oxuyur.
Məryəm deyir ki, 20 ildir bir gün də olsun təhsilinə fasilə verməyib:
- Amma inşallah bu il bitirirəm. Oğlaq bürcüyəm, inadkar və ciddiyəm, amma gülümsəməyi heç unutmuram. Özümə qarşı tələbkaram. İncəsənəti, musiqini, təbiəti və həyatıma yeniliklər gətirməyi sevirəm. Gecikməyi və gecikənləri sevmirəm. Təşkilati işlərdə yaxşıyam.
- Necə oldu ki, xaricdə oxumağa qərar verdiniz?
- Səbəblər çox idi. Bakını və imkanlarını artıq kəşf etmişdim. İtaliyaya isə daimi gediş-gəlişim var idi. Xaricdə təhsillə bağlı imkanlar barəsində də məlumatlı idim. Bir müddət orada yaşayıb təhsil almaq qərarına gəldim. Amma o vaxt indiki kimi deyildi, daha çətin idi. Sənədləri hazırlayıb tərcümə etdirmək böyük enerji və maddi vəsait tələb edirdi. İndi xaricdə təhsil alanların sayı artdıqca, haqqını tələb edənlərin sayı da artıb, bizi xam xəyallı uşaq hesab edib, fikrimizdən döndərmək istəyənlərin, hətta qarşımızı kəsmək arzusunda olanların sayı da azalıb. Çətinliklə də olsa alındı. Olmasa da olar deyirdim, amma yaxşı ki oldu. Bundan sonra həyatım və gələcəyim dəyişdi.
- Başqa ölkə və başqa mühit - hansı çətinlikləriniz olub?
- Bütün çətinliklər başda olur. Yeni ev tapmaq, lazım olan sənədləri vaxtında çatdırmaq, poçtla göndərmisənsə çatıb-çatmadığını yoxlamaq və ilk imtahanları uğurla keçmək. Ən çətini isə bunların hamısını eyni vaxtda həyata keçirmək… Qalan hər şey Avropada daha asandır. Hər işlərinə vaxt qoyurlar. Sənəd qəbuluna, kursa yazılmağa, imtahana yazılmağa, səyahət planlamağa, bilet almaq üçün endirimlərdən istifadə etməyə, ev tapmağa, bir sözlə hər şeyə! Vaxtın dəyəri böyükdür Avropada. Bir də həftəsonu heç bir işini həll edə bilməyəcəyinə uyğunlaşmalısan. Mühitlə bağlı çətinliklər yaşamadım. Azərbaycan Dillər Universitetində oxuduğun müddətdə tez-tez İtaliyaya dil kurslarına gedirdim. İtaliya artıq mənim ikinci ölkəm idi. Çətin heç bir şey yoxdur. Təksən, özündən başqa qayğısına qalacaq kiminsə yoxdur. Fikirlərini toplayıb işlərini düzgün təşkil etməlisən.
- İtaliya və Azərbaycan təhsili. Bunların ikisini necə fərqləndirərsiniz?
- Mən Bakıda elə bir fakültədə təhsil almışam ki, bu fərqi çox hiss etməmişəm. Müəllimlərim ya italyan olub, ya da məndən iki yaş böyük qızlar. Sinifdə tələbkar olublar, kənarda rəfiqə, dost. Yeni kitablar, yeni metodlarla bizə dərs deyiblər. Yeməyə çıxmışıq, bayramları bir yerdə qeyd etmişik. Kimsə bizdən heç nə ummayıb. Tək tələb etdikləri dərsə hazır gəlməyimiz olub. Bu dediklərim “qaynar xətt” olan vaxt, müəllimlərə xəbərdarlıqlar edilən vaxt deyil, çox əvvəl olub. İtaliyada da belədir. Məqsəd tələbələri lazımsız materialla yükləmək deyil, onları yeni həyata hazırlamaq, əllərinə sənət verməkdir. Tələbənin dərs oxumamağını özlərinə təhqir kimi görmürlər, tələbənin problemləri ilə maraqlanırlar. Hamıya fərdi yanaşırlar. Müqayisə edib rəqabət yaratmırlar. Öz kitablarını dərslik kimi təklif etdikləri də olur. Amma tədris etdikləri fənni tam əhatə etdiyinə görə bir problem olmur. İtaliyada da həddindən artıq “tələbkar” müəllimlərə rast gəlmək olur, amma imtahana hazır gəldiyim üçün mənim onlarla problemim olmayıb. Tələbə kateqoriyası da dəyişib illər ərzində. İşləyən tələbə var, ailəli tələbə var, əlil tələbə var. Avropada hamının prioriteti “5” almaq deyil. Kimsə imtahana hazır gəlmədiyini, imtahandan kəsildiyini sənə ayıb bilməz, nə də sənə çətinlik yaradar. Bildiyimə görə artıq Azərbaycanda da belədir. Amma mənim Bakıda təhsil aldığım vaxt ardıcıl üç dəfə kəsiri olan tələbə universitetdən xaric olunma təhlükəsi ilə üzləşirdi.
- Təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr var? Əgər yoxdursa, tək olmaq necə hissdir?
- Mən dərslərə getdiyim vaxt yox idi, artıq dərslərə girmirəm, son imtahan və diplom işim qalıb. İndi deyəsən var. Mən də tək olmamışam heç vaxt. Yanımdakına milliyətinə görə qiymət vermədiyimə görə azərbaycanlı olmasa da, çox yaxın dostlarım olub. Başqa şəhərdə oxuyan, ya eyni şəhərdə dil kursuna gələn azərbaycanlılar da olub. İnsanın başı dərsə elə qarışır ki, ən yaxın dostların kitablar və qrup yoldaşların olur.
- İtaliyada tələbələr auditoriyadan kənardakı vaxtlarını necə keçirirlər?
- Kim necə istəsə. Dərs oxuyurlar, təhsil haqqını və kirayəni ödəyə bilmək üçün işləyirlər, səyahət edirlər, evdən kənarda oxuyurlarsa, həftəsonu evlərinə qayıdırlar, diskotekaya gedirlər, spirtli içkilər içirlər, əylənirlər, rəqs edirlər, yüngül narkotik qəbul edirlər, idmanla məşğul olurlar, kinoya gedirlər, xizək sürürlər və s.
- İtayanlar Azərbayacan haqqındakı bilikləri nədən ibarətdir?
- O həmin italyanın bilik səviyyəsinə baxır. Heç tanımayan da, yanlış fikirləri olan da, işlə bağlı məndən də məlumatlı olanları da var. Məndən birinci Azərbaycanın Əfqanıstana, ya İraqa yaxın olub-olmadığını, “yox” cavabı alandan sonra sərhəd ölkələri və dinimizi soruşurlar. Həmişə bizim qızların Azərbaycanda çadralı gəzdiyi fikirlərini eşidirəm. Dünyəvi ölkə olduğumuzu başa salmaq məcburiyyəti altında qalıram. Bu yolda rast gəldiyin, təsadüfən tanış olduğun insanlardır. İş sferasında daha məlumatlı insanlar var. Azərbaycanla əməkdaşlıq edirlər, biznes imkanlarını qiymətləndirirlər, ölkəmiz haqqında elmi tədqiqatlar aparırlar.
- Bildiyimiz qədəri ilə həm də İtaliyada Azərbaycan dilini öyrədirsiniz. Bu barədə məlumat verə bilərsiniz?
- Bəli, elədir. İki ildir ki, Venesiyanın Ka Foskari Universitetində Azərbaycan dilini tədris edirəm. Bundan əlavə, həftədə iki saat “Kitabi Dədə Qorqud” mövzusunda seminar keçirəm. Bu universitetdə həm də erməni, gürcü, türk, fars, ərəb, rus, çin, koreya və s dillər tədris olunur. Mənim dərslərim ikinci semestr olur. Onun üçün yay aylarından fevral ayına kimi Bakıda ailəmlə zaman keçirmək üçün kifayət qədər vaxtım olur.
- Eşitdim “İnter”-“Qarabağ” oyununda tərcüməçi olmusunuz?
- Olmuşam. Futbolla bağlı nə ilk, nə də son tərcüməmdir. Amma başqa sektorlarda da tərcümə praktikam var.
- Yaşadığınız ölkənin hansı maraqlı adətləri var?
- Yəqin siz də bilərsiniz ki, Milad, Pasxa və digər xristian bayramları var. Çox adam deyir ki, italyanların Yeni ildə mebellərini eyvandan çölə atmaq adətləri var. Mən görməmişəm. Get-gedə itməkdə olan kilsəyə getmək adətləri var. Hər şəhərin bir “müqəddəs”i var. O müqəddəslərə həsr olunmuş günü qeyd etmək adəti var. Yemək zamanı şərab içmək, səhər duran kimi kofe içmək və qəzet oxumaq, hələ də biz məktəbdə ingilis dilini öyrəndiyimiz kimi, onların da latın dilini öyrənmək, moda ilə fəxr etmək, yüksək tonla danışmaq, mafiya məsələsini hər zaman aktual saxlamaq, lotereya almaq (hərdən on dənə birdən), yardımsevərlik, gülərüzlük, gözəl qız görəndə özünü itirmək kimi adətləri var. Hər uşaqda bir istedad inkişaf etdirmək istəyi var. İncəsənətə böyük maraqları var. Animalist, amma bir az da irqçi davranışları var.
- İtaliyanların əsas məşğuliyyətləri nədir?
- Bu fərdidir. İtalyan olmaqları ilə bağlı deyil. Hamının indi əsas məşğuliyyəti işə gedib pul qazanmaqdır. Ən sevdikləri məşğuliyyət isə pizza yeyib pivə içməkdir.
- Əgər bir insan İtaliyada yaşayacaqsa nələri, italyanların hansı xarakterlərini bilməlidir?
- Heç nədən qorxmamalıdır. Böyük ehtimalla Bakıda etdiklərinin hamısını İtaliyada da edə biləcək. İqlim də Azərbaycana uyğundur. Donuz əti yemirsə restoranda və marketdə buna diqqət etməlidir. İşlərini, bazarlığı həftə sonuna saxlamamalıdır. Əsas şəhərlərdə yol hərəkət qaydalarına riayət etməyi öyrənməlidir. Burada ictimai nəqliyyat vasitələri etiraz aksiyaları keçirir, bu zaman nəqliyat durur. Buna hazırlıqlı olmaq lazımdır. Dil bilmək çox işinizə yarayar, çünki bütün yeniliklər və xəbərlər ya saytlarda, ya da divarlarda elan şəklində insanların nəzərinə çatdırılır. Özündən və fikirlərindən əmin olmalıdır. İçki içmədiyindən və narkotik qəbul etmədiyindən, bu səbəbdən maraqsız göründüyündən qətiyyən utanmamalıdır. Bilik və intellektinin kimdənsə aşağı olduğunu ağlına belə gətirməməlidir. İnanın ki, burada da savadsızlar savadlılardan çoxdur. Patriotik hisslərinə hakim olmalıdır. Qarabağın bizim olduğunu nə qədər aqressiv şəkildə desək bizə o qədər az inanacaqlar. Dünya insanı olmalıdır İtaliyaya gələn… Azərbaycanlı olduğunu ancaq müsbət mənada xatırlatmalıdır.
- Orda yaşadığınız müddətdə başınıza gələn maraqlı hadisələri bizimlə bölüşün?
- Maraqlı hadisələr çox olur. Mən macəranı hər yerdə tapıram. İtaliya böyük bir muzeydir, tarixdir. Hələ də gəzib bitirməmişəm. Vatikan muzeylərini görmək üçün gecədən səhərə kimi Romada gözləmişəm, məşhur rejissorlarla, aktyorlarla, musiqiçilərlə, futbolçularla tanış olmuşam. Konsertlərə, idman qarşılaşmalarına getmişəm. Ferraridə gəzmişəm, motosikl idarə etməyə çalışmışam (alınmayıb), dolma və xəngəl bişirmişəm. Təsadüfi turistləri evimdə qonaq etmişəm. Və hələ etmədiyim dünya qədər iş var.
- Xaricə gedən tələbələr Azərbaycana qayıtmaq istəmir. Bəs siz? Gələcək planlarınız nədir?
- Nə Azərbaycanda qala bilirəm uzun müddət, nə də Azərbaycandan kənarda. Buranın tıxac probleminə uyğunlaşa bilmirəm. İndiki həyatım tam mənə uyğundur. Həm İtaliyada yaşaya bilirəm, həm də Bakıda. Gələcəyim də adətən düşündüyümdən də gözəl olduğu üçün artıq bu barədə düşünmürəm. Amma bacardığım qədər ölkəmi xaricdə təmsil etməyə davam edəcəyəm. Vasitələr dəyişsə də məqsəd eyni olacaq.
Məryəm xanım sonda bizə təşəkkür etməyi də unutmur:
Təşəkkür edirəm diqqətinizə, bizi unutmayıb işıqlandırdığınıza və özümüzü ifadə etməyə şərait yaratdığınıza görə.
Mənbə:> Modern.az