Cəlilabadda toyuq cücənin ağzını “skoç”layıb oğurladılar
Cəlilabadda oğurluq hadisəsi baş verib.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, naməlum şəxs və ya şəxslər xüsusi alətlərdən istifadə etməklə rayonun Göytəpə şəhər sakini Nəsir Quliyevə məxsus fərdi təsərrüfatdakı quş damına girərək, oradan xeyli sayda toyuq-cücə, ördək və hind toyuğu oğurlayıblar.
Oğrular ev quşları səs salmasın deyə, onların dimdiklərini yapışqan kağızlarla bağlayıblar.
Bankdan götürdüyü yüksək məbləğdə kreditlə fərdi təsərrüfatını inkişaf etdirmək fikrində olan Nəsir Quliyevin sözlərinə görə, ona məxsus 50 baş hind toyuğu, 30 baş qaz, 25 baş ördək və 30 başa yaxın toyuq oğurlanıb. Ümumilikdə isə təsərrüfat sahibinə 5 min manata yaxın maddi ziyan dəyib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb, oğurluq hadisəsini törədənlərin tapılıb istintaq orqanlarına təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
Mənbə:> APA