Ölkənin birinci xanımı pomidor-yumurta bişirdi
Redaktoru Mehriban Əliyevanın qızı Leyla Əliyeva olan jurnalın bu sayının baş məqaləsini Rusiyada məşhur jurnalist Mixail Qusman - Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi direktorunun birinci müavini yazıb. AzVision.az xəbər verir ki, jurnalda əksər yazılar kimi bu məqalə də Azərbaycanın Birinci xanımının həyat və yaradıcılığından bəhs edir.
Mixail Qusman yazır ki, 2012-ci il, iyulun 29-da, Londonda keçirilən XXX Olimpiya Oyunları ərəfəsində Azərbaycan hökuməti «Azərbaycan Günləri» adlı böyük bir tədbir təşkil edir. Xoş əhval-ruhiyyəli bakılı məclisinin keçdiyini qeyd edən Mixail Qusman yazır: «Ziyafət bitdikdən sonra prezident və xanımı qonaqlardan bəzilərini Londondakı «Baku» restoranına dəvət edirlər. Məclis sona yaxınlaşan zaman qonaqlardan kimsə «indi burda bir bakısayağı pomidor-yumurta olsaydı, nə yeyərdim» deyir.
Qonağın bu sözünü İlham Əliyev də təsdiqləyir. Mehriban Əliyeva isə üzünü qonaqlara tutub «Hamınız pomidor-yumurta yemək istəyirsiniz?» deyə soruşur. Zalda oturanların razılığını görən Mehriban xanım ayağa qalxır və «indi təşkil edərik», deyib restoranın mətbəxinə keçir».
Mehriban Əliyevanın mətbəxdən gec gəldiyini görən Mixail Qusman təəccüblə yazır: «Düşündüm ki, Mehriban xanım mətbəxdəkilərə öz göstərişini verib 2-3 dəqiqəyə məclisə qayıdar, amma belə olmadı. 5 dəqiqə də gözlədim, gəlmədi, 10 dəqiqə keçdi, gəlmədi, axırda durub restoranın mətbəxinə keçdim və nə görsəm yaxşıdır? Mehriban xanım aşpazlardan birinin önlüyünü yaxasına bağlayıb diametri 1 metr olan iri tavanın arxasında dayanıb həvəslə pomidor-yumurta bişirir».
Yemək bişəndən sonra tavanı zala-qonaqların yanına aparırlar.
Belə davranışına görə, Mehriban Əliyevanı “Kraliça” adlandıran Mixail Qusman sual edir: «Görəsən, dünyanın hansı ölkəsində Birinci Xanım belə davranardı? Düşünürəm ki, heç kim!".
Mənbə:> AzadlıqRadiosu