Tələbəsindən Vahabzadə ilə bağlı xoş olmayan xatirə » AzNews.info -Xəbər portalı

Tələbəsindən Vahabzadə ilə bağlı xoş olmayan xatirə

Tələbəsindən Vahabzadə ilə bağlı xoş olmayan xatirə


Məti Osmanoğlu

Yaddaşımda dərin və ağrılı, göynəkli izi qalmış bir hadisə neçə gün idi beynimdə qığılcımlanıb öləziyirdi. Tələbə yoldaşım və əziz dostum Məhərrəm Qasımlının bir televiziya çıxışı həmin hadisənin bütün detallarını bu gün bir daha gözümün qabağına sərdi...


Məhərrəm Bəxtiyar Vahabzadənin bir müəllim kimi onun taleyində oynadığı roldan danışırdı: ikinci kursda bizə “Müasir ədəbi proses” kursunu Bəxtiyar Vahabzadə keçmişdi. Həqiqətən də fərqli bir müəllim idi: ondan ötrü proqram, mövzu məcburiyyəti və məhdudiyyəti yox idi. Sinfə girəndə ürəyi nə istəsə, necə istəsə, hansı mövzunu aktual hesab etsə, ondan danışırdı. Dərsliklərdə, kitablarda yazılmayan, rəsmi sovet ideologiyasının yasaq elədiyi məsələlərə toxunurdu. Mühazirələrinə hamı maraqla qulaq asır, bəzən də tələbələri polemikaya cəlb edirdi. Həmin polemikalara qoşulanlardan biri də mən idim və bir dəfə onun dərsində Hüseyn Arifin şeirlərini əzbərdən oxumuşdum (və indi, aradan böyük zaman keçəndən sonra, tam əminliklə olmasa da, belə düşünürəm ki, başıma gələn hadisə də bu şeirlərin yaratdığı qısqanclıqdan oldu)...

Elə olurdu başqa fakültələrin tələbələri, xüsusilə xəyalpərəst qızlar Bəxtiyar müəllimin mühazirəsini dinləməyə gəlirdilər. Belə mühazirələrin birində, dərsin şirin yerində Bəxtiyar müəllim əlini mənə uzatdı:

- Alim olmaq istəyən oğlan, – dedi, – sən Süleyman Rüstəmin şeirlərini oxumusanmı?

Müraciətin köntöylüyü, sualın qoyuluşunun “krutoyluğu” ilk anda məni çaşdırsa da, ayağa durub qətiyyətlə:

- Bəli, - dedim.

- Bəs Əli Kərimi necə? Belə bir şair tanıyırsanmı?

- Tanıyıram, - dedim.

Bəxtiyar müəllimi od götürdü, qəzəblə:

- Otur aşağı, səndən elm adamı olmayacaq, oğul! Səndən yaxşı vəzifə adamı çıxa bilər! Sən yolun qaçağını yaxşı bilirsən, vəziyyətdən çıxmağı gözəl bacarırsan!..

Bəxtiyar müəllimin sözündən belə çıxırdı ki, Süleyman Rüstəmi oxuyan adam Əli Kərimi oxuya bilməz, oxusa, ağır günüha batar. Auditoriyada özümü qəfil zərbə almış kimi hiss edirdim. Qeyri-ixtiyari Süleyman Rüstəmin “fanatına” – müdafiəçisinə çevrilməli olmuşdum: bir qədər rabitəsiz, dağınıq şəkildə Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı şeirlərdən danışdım, “Duz-çörək” qoşmasını xatırlatdım... (Lap indinin özündə də belə hesab edirəm ki, Süleyman Rüstəmin bu əsərləri Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə yanaşı qoyulmağa layiqdir).

Bəxtiyar müəllim məndən sonra Məhərrəm Qasımlıya üz tutdu. Məhərrəm Bəxtiyar müəllimin öz cümlələri ilə vəziyyəti dəyişməyə çalışdı: ədəbi prosesin orkestrə bənzədiyini dedi, orkestrdə hər alətin öz yeri olduğu kimi, ədəbi prosesdə də hər şairin öz səsi olduğunu xatırlatdı (bu cümlələri əvvəlki mühazirəsində Bəxtiyar müəllim demişdi). Ancaq bütün bunlar mənasız cəhdlər idi və ox yaydan çıxmışdı, mən auditoriyada, Bəxtiyar Vahabzadəyə canlı büt kimi baxan, onun dediklərini ehkam kimi qəbul edən tələbə yoldaşlarımın yanında biabır olmuşdum (düzünü deyim ki, həmin yaranın ağrısını elə bu gün bu sətirləri yazanda da hiss edirəm). Hey universitetdən çıxmaq barədə götür-qoy edir, özləri yetimliklə böyüyüb, ümidlərini mənə bağlayan ata-anamı düşünəndə dünya gözlərimdə qaralırdı...

Ondan sonra Bəxtiyar Vahabzadənin əksər mühazirələrinə girmədim. Seminar müəllimimiz professor Tofiq Hüseynoğlu idi və onunla müasir ədədbi proseslə bağlı maraqlı müzakirələr aparır, təzə nəşr olunan bütün əsərləri izləyirdik.

İmtahanda Bəxtiyar müəllim mən bilet çəkmək istəyəndə: - “Ehtiyac yoxdu”, - deyib imtahan vərəqinə “əla” yazdı. Məndən heç nə soruşmadı.

Maraqlıdır ki, bu söhbət olandan sonra dörd ilə yaxın vaxt ərzində tələbə yoldaşlarımdan heç biri bunu mənim üzümə vurmadı, ümimiyyətlə, bu söhbəti məndən xoşu gələn-gəlməyən bir kimsə mənim yanımda müzakirə eləmədi. Təkcə həmin gün Dildar Vəkilova (Allah rəhmət eləsin – son dərəcə savadlı qız idi, orta məktəbi qızıl medalla bitirmişdi. Atası Tibb İnstitutunun dosenti olsa da, həkimliyi deyil, universitetin filologiya fakültəsini seçmişdi və tələbə yoldaşlarımız arasında alimlik dərəcəsini də ilk dəfə Dildar aldı) məni kənara çəkib:

- Qətiyyən ürəyinə salma, – demişdi. – Mən onun dediklərinin heç birini ciddi qəbul etmirəm. Səməd Vurğun haqqında ikicildlik monoqrafiya müəllifidir, namizədliyini də, doktorluğunu da Səməd Vurğundan yazıb, ancaq dərsdə bir dəfə Səməd Vurğun haqqında bir xoş sözünü eşitmisənmi? Elə hey qarasına daş atır...

Həqiqətən də Bəxtiyar müəllim Səməd Vurğunu yeri düşdü-düşmədi həmişə Stalinin şəxsiyyətinə pərəstişdə ittham edirdi. Bu da taleyin bir istehzasıdır ki, elə həmin illərdə onun özü “Leninlə söhbət” adlı irihəcmli bir poema yazmışdı. Heç birimiz bunu onun üzünə deyə bilmədik: görünür, bizdə də Bəxtiyar Vahabzadənin şəxsiyyətinə pərəstiş var idi və həmin pərəstişi mən Məhərrəm Qasımlının bugünkü televiziya çıxışında çox aydın gördüm...

Bəxtiyar müəllimlə daha bir ünsiyyətimiz beşinci kursun sonunda oldu. “Danabaş kəndinin əhvalatları”nda bədii detal və təfərrüat” mövzusunda diplom işi müdafiə edirdim. Təqdimatım uğurlu alınmışdı: mənə çoxlu suallar verdilər. Cavablarım, deyəsən, Bəxtiyar müəllimi də razı salmışdı. O, komissiyanın üzvü kimi çıxış edib, mənim universitetdə müəllim saxlanılmağım barədə təklif irəli sürdü. Ancaq bu, ürəyimdəki Süleyman Rüstəm dağının yanğısına heç su səpmədi...

Aradan illər keçdi. 1986-cı ildə “Ulduz” jurnalının redaksiyasında işləyirdim. İşin axırı idi. Jurnalın baş redaktoru rəhmətlik Yusif Səmədoğlu xahiş elədi ki, gözləyim, axşam Bəxtiyar Vahabzadə Süleyman Rüstəmin 80 illik yubileyi ilə bağlı məqalə gətirəcək. Məqaləni ondan alıb oxuyum, səhər tezdən mətbəəyə göndərək – artıq jurnal çapa verilmək ərəfəsində idi.

O vaxt Süleyman Rüstəm xalq şairi, Sosialist Əməyi Qəhrəmanı olmaqdan əlavə, həm də dövlət adamı – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi və belə yüksək vəzifə sahibinin yubileyini jurnal hökmən qeyd etməli idi.

Yusif müəllimə heç nə deməsəm də, heyrət içində qalmışdım: Bəxtiyar müəllim Süleyman Rüstəmin yubileyi münasibətilə nə yazmış ola bilərdi ki. Bir yandan da Allahın mənə verdiyi bu fürsətə görə çox sevinirdim, ürəyimdə keçmiş müəllimimə deyəcəyim sözləri götür-qoy eləyirdim.

Bəxtiyar müəllim gələndə bizim mərtəbədə heç kəs qalmamışdı (O vaxt Yazıçılar İttifaqının, ermənicə çıxan “Qrakan Aderbecan” da qarışıq, bütün jurnalları, Ədəbiyyat Fondu və Ədəbiyyatı Təbliğ Bürosu Kommunist (indiki İstiqlaliyyət) küçəsi 31 ünvanlı binanın beşinci mərtəbəsində yerləşirdi). Onu dəhlizdə, liftin qarşısında qarşıladım. İçəri keçdik.

- Öz məqalənizdir? – Bəxtiyar müəllimdən eyhamla soruşdum.

- Əlbəttə, oğlum. Siz gənclər Süleyman Rüstəm haqqında kökündən səhv düşünürsünüz, ifrata varırsınız. Onları yaşadıqları dövrə görə ədalətlə qiymətləndirmək lazımdır. Süleyman Rüstəmin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri var. Hər kəsin qiyməti düzgün verilməlidir...

Bəxtiyar müəllim Süleyman Rüstəmin yaradıcılığı haqqında böyük bir monoloq söylədi.

Onu diqqətlə dinləyəndən sonra gözlərinin içinə baxıb mən ikinci kursda oxuyanda aramızda baş vermiş həmin uğursuz dialoqu xatırlatdım:

- Siz Süleyman Rüstəmə görə 17-18 yaşlarında kənddən gəlmiş cavan bir oğlanı tələbə qızların qarşısında rüsvay elədiniz. İndi bu məqaləni həmin qızlar oxuyanda sizin haqqınızda nə düşünəcəklər? – dedim.

Bəxtiyar müəllim mənimlə mübahisə eləmədi. Rəngi dümağ olmuşdu. Məqaləni də götürüb, redaksiyanı tərk elədi. Mən həyəcanımdan uzun müddət özümə yer tapa bilmədim. Ancaq içimdə qəribə bir rahatlıq yaranmışdı.

Sabah Yusif müəllim məni otağına çağırdı. Rəhmətlik Sabir Azəri də yanında idi (Sabir müəllim baş redaktorun müaviniydi).

- Sən canın, dünən axşam Bəxtiyar Vahabzadə ilə aranızda nə söhbət olub? – dedi. – Bizdən bərk küsüb...

Əhvalatı bütün təfərrüatı ilə danışdım. Yusif müəllim də, Sabir müəllim də qəhqəhə çəkib güldülər. Demə, Bəxtiyar müəllim Sabir Azəriyə zəng vurub, yazını çapa verməyəcəyini bildiribmiş. Sonra bilmirəm necə oldu, nə baş verdi – Bəxtiyar Vahabzadənin Süleyman Rüstəm barədə yubiley məqaləsi “Ulduz” jurnalının 1986-cı il 3-cü (4-cü də ola bilər) nömrəsində çap edildi. Məqalə başdan-başa Süleyman Rüstəm haqqında bəlağətli tərif üzərində qurulmuşdu, oradakı pafosu Səməd Vurğunun Stalin haqqında şeirlərinin pafosu ilə müqayisə etmək olardı.

Daha bir sürpriz bu hadisədən azca sonra baş verdi: məlum oldu ki, Bəxtiyar müəllimin oğlu İsfəndiyar Süleyman Rüstəmin yaradıcılığından dissertasiya yazır. Onun da Süleyman Rüstəmin yaradıcılığı haqqında məqaləsini “Ulduz” jurnalında çap elədik: insafən, səviyyəli yazı idi, hiss olunurdu ki, Bəxtiyar müəllimin təsiri və məsləhəti ilə yazılıb. Redaksiyaya Bəxtiyar müəllimin şəxsən təqdim etdiyi həmin yazı Süleyman Rüstəmin Cənub mövzulu şeirlərinə həsr olunmuşdu...

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *