Vəfa Fətullayevanın xatirəsi anılacaq
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında unudulmaz aktrisa, əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Fətullayevanın anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, tədbirdə aktrisanın sənət dostları, yaxınları iştirak edəcəklər.
Xatırladaq ki, Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrın səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz, M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.
Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan aktrisa 1987-ci il mayın 21-də vəfat edib.
Mənbə:> ANSPRESS