Uitni Hyustonun qızı öldü
Məşhur müğənnilər Uitni Hyuston və Bobbi Braunun yeganə qızı Bobbi Kristina Braun öz evinin hamamında huşsuz halda tapıldıqdan altı ay sonra, iyulun 26-da, dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, bu barədə NBC News-a onun ailəsi bildirib.
“Nəhayət ki, o, Allahın əlində rahatlıq tapdı. Biz bir daha son bir neçə ay ərzində göstərdikləri böyük sevgi və dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirik”, - deyə, mərhumun qohumları qeyd ediblər.
22 yaşlı Braun onun vətəndaş nikahında olduğu əri Nik Qordon tərəfindən yanvarın 31-də, Corciya ştatında Rozuell şəhərindəki evinin vanna otağında aşkarlanmışdı.
Bobbi Kristinaya məhkəmənin təyin etdiyi qəyyumu Qordona qarşı 10 milyon dollarlıq iddia irəli sürüb. Sənəddə bildirilir ki, qız onu komaya salan zədəni Qordonla mübahisə etdikdən sonra alıb.
İddiaçının rəyinə görə, Braun Qordonun davranışı nəticəsində “həyat üçün təhlükəli bədən xəsarətləri alıb”.
Qəyyumun versiyasına əsasən, Qordon anasından miras qalmış vəsaitlərdən əldə etmək üçün Bobbi Kristinanı döyməyə başlayıb. Bildirilir ki, Bobbi komada olanda Qordon onun bank hesabından 11 min dollardan çox pul oğurlayıb.
Mənbə:> Oxu.Az