Goranboyda “06” yük maşınına çırpıldı
Goranboyda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində olub.
Goranboy rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə Goranboy rayon sakini 1961-ci il təvəllüdlü Aslan İbrahimov idarə etdiyi “VAZ 2106” markalı şəxsi avtomobili ilə gedərkən idarəetməni itirib və qarşısında hərəkət edən “MAN” markalı yük avtomobilinə arxadan çırpılıb.
Hadisə nəticəsində “VAZ 2106”-da olan sürücü A.İbrahimov və sərnişinlər İsmayılova Yeganə Əhəd qızı, İsmayılova Ülzanə Süleyman qızı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Lakin həkimlərin səyinə baxmayaraq sürücü A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə bildirdilər ki, xəstələrdən Yeganə İsmayılovaya sağ çiyin oynağının sınığı, Ülzanə İsmayılovaya isə döş qəfəsinin küt travması, sağ baldır nahiyəsinin sınığı diaqnozu qoyulub. Hazırda vəziyyətləri normaldır.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə:> ANSPRESS