Bakıdakı qəzada 1 Britaniya vətəndaşı ölüb, 4 turist yaralanıb
“FiveCurrents” dərin kədərlə təsdiq edir ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında yaradıcı heyətin bir üzvü dünyasını dəyişib.
Virtualaz.org bildirir ki, bu barədə Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.
Komandanın həmin üzvü Bakı 2015 mərasimlərin təşkili şirkəti olan “FiveCurrents”də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır.
Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərilib. Sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər: "Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı 2015 Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı səfirliyinə öz minnətdarlığımızı bildiririk".
* * * 13:12
İyunun 23-də Bakının Heydər Əliyev prospektində avtomobil qəzası nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qəza “Ford Tranzit” markalı mikroavtomobusla“Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Fövqəladə Hallar Nazirliyi xilasedicilərin yol-nəqliyyat qəzası zamanı ağır deformasiyaya uğramış avtomobildən 2 cəsəd çıxararaq aidiyyəti üzrə təhvil verildiyi barədə rəsmi məlumat yayıb.
“Amerikanın səsi”nin məlumatına görə qəza nəticəsində həyatını itirənlərdən biri turist, Böyük Britaniya vətəndaşıdır. İngiltərə vətəndaşı BEGOC-da məsul şəxslərdən birinin oğlu, 1992-ci il təvəllüdlü Micah Maksvell-Milnedir (Micah Maxwell-Milne).
Məlumatda bildirilir ki, mərhumun cənazəsi Xətai rayonundakı 7 saylı təcili yardım stansiyasının yanındakı morqa yerləşdirilib.
Qəza nəticəsində 1 Estoniya, 1 Nepal, 2 Böyük Britaniya vətəndaşı yaralanıb. Yaralılar Musa Nağıyev adına xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı heç bir rəsmi açıqlama verilmir.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən “Amerikanın səsi”nə avtomobil qəzası nəticəsində 1 Britaniya vətəndaşının öldüyünü, 2 vətəndaşın isə yaralandığını təsdiq ediblər.
Estoniyanın Azərbaycandakı səfirliyinin telefonlarına cavab verən olmayıb.
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Amerikanın səsi"nin sorğusuna hələ cavab almaq mümkün olmayıb.
Böyük Britaniya səfirliyinin sözçüsü Günel Əhmədovanın "Associated Press"ə verdiyi məlumata görə, adı açıqlanmayan həmin şəxsdən başqa qəzada yaralanmış daha iki britaniyalı xəstəxanaya yerləşdirilib.
"Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin direktoru Saymon Kleqq də "təşkilatçıların çərşənbə axşamı günü baş verən yol qəzası barədə məlumatlı olduğunu" bildirib. Lakin o, geniş şərh verməyib. Sadəcə deyib ki, hadisənin təfərrüatları araşdırılır.
Mənbə:> Virtualaz.org