Qətlə yetirilən bələdiyyə sədri haqda yeni xəbər: "Digər evi isə..."
Saray qəsəbəsinin qətlə yetirilən bələdiyyə sədrinin vəzifəsini müavini icra edir.
Bu barədə axar.az-a açıqlamasında mərhum bələdiyyə sədri Vəsilə Əbilhəsənovanın müavini Məhi Həsənov bildirib. Onun sözlərinə görə, hələlik seçki keçirilməyib və yeni sədr seçilməyib. Sədr müavini qətllə bağlı istintaqın davam etdiyini və yekunda qətlə aydınlıq gələcəyini açıqlayıb.
M.Həsənov qətldə şübhəli bilinərək saxlanan şəxslərin V.Əbilhəsənova ilə qabaqcadan tanışlığı olduğunu təsdiqləyib: “Mətbuat müxtəlif versiyalar yazır. Əksəriyyəti şişirdir. Amma mətbuatın yazdığı kimi olmayıb. Onların torpaq satışında əlbir olması haqda nəsə demək olmaz. Çünki mən özüm bu işlərdə olmamışam”.
Bələdiyyə sədrinin evinin yandırılmasına gəlincə isə M.Həsənov deyib ki, mərhumun digər evindən tüstü qalxıb: “O da bilinmir ki, yandırılıb, ya yox. Ev yanmayıb, bir az tüstü qalxıb. Hər şey istintaqdan sonra bilinəcək”.
Qeyd edək ki, V.Əbilhəsənova və əri Vəfadar Əbilhəsənovu öldürən Fədai Hüseynovun bələdiyyə sədrinə torpaq satışında kömək etdiyi bildirilir. F.Hüseynovun qardaşları Vüqar və Nuru da həbs edilib.
V.Əbilhəsənovanın həyat yoldaşı Vəfadar Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də aparat rəhbəri vəzifəsində çalışıb. Bələdiyyə sədri öz doğum günündə qətlə yetirilib.
Mənbə:> Virtualaz.org