Maşın odlayanlar və uşaqlar...
Qonşu binanın qarşısındakı bahalı avtomobil yanmağa başlayanda məhəllədə hələ çoxları yatmamışdı.
Gecə saat 2-də ərşə yüksələn alovu söndürmək üçün yanğınsöndürənlər gəlib yetişəndə alov artıq yaxınlıqdakı küknar meşəliyinə sıçramışdı. Yanğın söndürüldü, tamaşaçılar mənzillərinə dağılışdı və məhəllə miqyasındakı fövqəladə hadisə olimpiya oyunlarını da reytinqdə vurub keçdi.
Səhər öyrəndik ki, bu, son bir ayda Qaraçuxurda yandırılan üçüncü maşındır. Düzdür, başqa rəqəmlər də səsləndi: kimisi 5, kimisi 10 dedi. Yəqin ki, həqiqət ortadadır.
Söhbətin katalizatoru rolunda onun gündəmdən düşməsini istəməyən yeniyetmələr çıxış edirdi. Bu 12-15 yaşlılar eynilə Aleksandr Blokun məşhur adsız şerindəki uşaqlar kimidir: buxtaya daxil olan gəmilərə sevinirlər və eyinlərinə də deyil ki, bu hərbi gəmilər dünya müharibəsinin başlanmasının əlamətidir.
Nə isə, miqyaslar ölçüyəgəlməz fərqlidir, ancfq mahiyyət oxşardır. Madam ki, onların qəlbini oxşayan müsbət hadisə yoxdur, onda günlərini rəngarəng edən mənfi hadisədən də yapışmaq olar.
Bu yeniyetmələrin gözü ilə hadisənin səbəblərinə də, nəticələrinə də tamamilə (böyüklərdəkindən fərqli) baxışı izləmək olar. Onlar gecə-gündüz həyətdədirlər, gündən günə valideynlərin təsirinin azalıb küçənin təsirinin isə artdığı dövrlərini yaşayırlar. Onlar bir tərəfdən öz aralarında prosesləri saf-çürük və “analiz” edir, digər tərəfdən isə yaşlıların tökdüklərini yığırlar. Beləliklə də öz emosional-coşğulu nəticələri ilə yaşlıların panik-pessimist ovqatını bir-birinə qatıb spesifik, yeni bir aləm formalaşdırırlar.
Yandırılan avtomobil də onların hələ kristallaşmamış dünyagörüşlərini biz yaşlıların öyrənməsi üçün əla eksperimental material ola bilər. Əgər yararlanmaq istəsək. Yararlansaq görərik ki, ictimai səhnəyə çıxmaqlarına vur-tut bir neçə il qalan bu yeni nəsil fəlakətlərə hansı gözlə baxır, böyüdükləri cəmiyyəti hansı meyarlarla ölçür, hətta hakimiyyətin idarəçiliyinə hansı empirik yanaşma sərgiləyirlər.
Yanğından sonra onlarla çox ünsiyyətdə olduğumdan (onlar isə öz övladım və onun dostlarıdır), həmin yanaşma barədə müəyən nəticələrə gələ bildim ki, onları da bölüşmək istəyirəm.
Məsələn, çox tezliklə onlar yaşlılarla bölüşdülər ki, yanğını “dəli Səfər”in bandası törədib. Bu “dəli Səfər” Qaraçuxurda yaşayır, yeniyetmələr onu görüb tanıyırlar da, “dəlilik kağızı” var üstəlik, “kriminal avtoritet”dir.
Burada fikirlər haçalanırdı: bəziləri “dəlilik kağızı”nı saxta sayır, digərləri isə cidd-cəhdlə israr edirdi ki, dəli həm də avtoritetdir, yaxud da tərsinə. Yəni “ikisi birində”.
Sonra onlar mənimlə bölüşdülər ki, bəs, bu personaj artıq 20-30 maşın yandırıb, polis onu iyunun 10-da tutub, sonra dəlidir deyə buraxıb.
Yenə də fikirlər haçalanırdı: bəziləri deyirdi ki, polis onu buraxmayıb, sonuncu yanğını isə onun bandasının üzvləri törədib.
Və bu vaxt əsl diskussiya başlayırdı. Bir tərəf deyirdi: “Səfəri polis ona görə buraxıb ki, onun güclü arxası var”. Yəni nə qədər istəyirsən maşın odla, arxanda duran varsa, azadlığa çıxacaqsan.
Bir sözlə, yeniyetmələrin nəzərində cinayət və cəza prinsiplərinin bir-biri ilə heç bir bağlılığı yox idi. Onların sözlərinə görə, “Səfərlə prezident də bacara bilmir”, çünki “həm avtoritetdir, həm də bandası var”. Yəni istəsə o, bütün hakimiyyəti də ələ ala bilər.
Absurd? Əlbəttə. Ancaq yeniyetmələrin başındakı sıyıq budur. Onların nəzərində “güclü adam” etalonu bu cürdür - arxalı, kriminala yaxın, pullu və əlaltıları (bandası) olan.
Birisi lap uzağa gedib analogiya da aparır: “Ded Xasanı öldürən Rövşəni tuta bilmədilər. Səfər də onun kimi”.
Beləliklə, mikroskopik bir mənfi personajı gücləndirib şah hakimiyyətinə bələyən yeniyetmələrin düşüncələrində hələ bundan sonra baş verəcək metamorfozlar şəxsən məni təlaşlandırır. Onlar Siciliyanın Avropada, yoxsa Afrikada yerləşdiyi bilmirlər. Keplerin və Kopernikin adları onlara heç nə demir, ancaq Ded Xasanın adını hamısı eşidib.
Onları küçə böyüdür. Küçəni isə cəmiyyət bu səviyyəyə endirib. Deqradasiya quyusu hər gün dərinləşməkdədir.
Sonra yeniyetmələr deyir: bu “ələkeçməz Co” maşınlara ona görə od vurur ki, varlılara nifrət edir (Onların dediklərini sonra saytlarda da oxudum. Polis idarəsində cinayətkar məhz bu cür deyibmiş).
Vəssalam, artıq Səfərin statusu da yüksəlir, beləliklə, o, sinfi mübarizənin döyüşçüsünə, yaxud Robin Quda çevrilir. Yeniyetmələr xəyallarında mənasız bir personajın olmayan yüksək, romantik bioqrafiyasını cızırlar. Halbuki söhbət vur-tut piromandan gedir. Yəni alov manyakından.
Yanğın ona zövq verir, ancaq demaqogiyası yetərlidir ki, maniyasını sosial-siyasi kontekstlə ört-basdır etsin. Və onun bu yalanını yeniyetmələr “ura!” ilə qəbul edirlər. Axı onlara da öz “mübariz obrazı” lazımdır. Bu obraza isə dünənin qəhrəmanları daha uyğun gəlmir - fərqi yoxdur, Qaydarın Timuru olsun, Hüqonun Jan Valjanı, yaxud real qəhrəman olan Mixaylo və ya Aleksandr Matrosov.
Onlara yeni tip “qəhrəman” lazımdır - hakimiyyətə tabe olmasın, işləyib tər tökməsin, adeptləri olsun, rezonanslı (ancaq motivsiz və nekrofil) əməllər törətsin, sonunda isə o qədər güclü olsun ki, hakimiyyət ona bata bilməsin.
Budur “dövrümüzün qəhrəmanı”nın obrazı. O cür olmaq üçün “əziyyətli işlər” - mədəniyyət, ağıl, namuslu əmək, savad, mənəviyyat tələb olunmur. Debil də bu “qəhrəmanlıq zirvəsi”nə yüksələ bilər.
Kədərlidir, deyilmi? Dəyərlər o qədər aşınmaya məruz qaldı ki, yeniyetmələr piromandan qəhrəman düzəldirlər. Onlar özlərini inandırmağa çalışırlar ki, motivsiz dağıntının öz sadə məntiqi var, yəni bu odlamalar sosial protestdir. Halbuki yeganə əsl motiv - piromaniyadır.
Bu kor dalana gətirib çıxarmış səbəblər çoxdur, ancaq onlardan ən birincisi məhz təhrif olunmuş sosial xarakter formalaşdıran təbliğatdır. Bu yeniyetmələr gözlərini açandan TV-də və küçədə şərin və aqressiyanın kultivasiyasını, cinayətlərin və cinayətkarların romantikləşdirilməsini görüb.
Baxdıqları seriallarda heç vaxt işləmirlər və kitab oxumurlar. Gözlərini qaldırıb ətrafa baxdıqda isə insan naqisliy ilə maddi imkan arasında düz mütənasiblik görürlər (kapitalizmdə isə insanın dəyəri istehlak etmək imkanları ilə ölçülür). Heç bir pozitiv ideologiya və müsbət insan obrazı yoxdur.
Belə olanda anlayışların təhrifi baş verir, ekranlarda tirajlanan şər müsbət sosial xarakter kimi qavranılır. Xəyallar isə “yeni qəhrəman”ın portretinin son cizgilərini cızaraq əlavə edir: dağıntıya meylli, motivsiz qəddarlıq nümayiş etdirən debillərin cəzasızlığı və hər-şeyə-qadirliyi illüziyası.
Bu uşaları niyə bu günə saldınız, əclaflar?!
Mənbə:> Virtualaz.org