DİN: Şamaxıda baş verən yol qəzasında içərisində 4 nəfərin öldüyü avtomobildən narkotik tapılıb – VİDEO+FOTOSESSİYA
Daxili İşlər Nazirliyi (DİN) Şamaxıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 21-də saat 21 radələrində Şamaxı şəhərində qeydə alınıb.
Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə Ə. İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölüblər.
Ə. İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
saat 10.49
Şamaxıda baş verən ağır yol qəzasında ölən şəxslərdən biri jurnalist olub.
Bu barədə APA-ya “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlumat verib.
A. Camal qeyd edib ki, ötən gecə Bakı-Şamaxı yolunda baş verən qəzada dünyasını dəyişən şəxslərdən biri Fuad Abdürrəhmanlı “Türküstan” qəzetinin saytında redaktor vəzifəsində çalışıb.
Mərhum bu gün Şəkidə dəfn ediləcək.
***
saat 09.33
Ötən gecə Bakı-Şamaxı yolunda baş verən ağır avtomobil qəzasında dünyasını dəyişən 4 nəfərin hamısının şəxsiyyəti məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə “Mercedes” markalı minik və “Mercedes” markalı yük maşınlarının toqquşması nəticəsində minik maşınının sürücüsü, Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlu, onun sərnişinləri - həmyerliləri, 1981-ci il təvəllüdlü Məmmədov Elçin Rasim oğlu, 1973-cü il təvəllüdlü Hüseynov Elşad Hikmət oğlu və 1986-cı il təvəllüdlü Abdürrəhmanlı Fuad Şahid oğlu qəzada aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır.
***
saat 01:21
Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 22-də saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.
Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi 99-DV-061 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 99-CS-488 dövlət nömrə nişanlı, “Mercedes” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində sürücü Əlövsət İsmayılov və avtomobildəki 3 nəfər sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan FHN-in Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlər vasitəsilə avtomobili kəsərək orada sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.
Ölənlərin bəzilərinin şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.
Qəzadan sonra yük maşınının sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə:> APA