“Həbs dalğası davam edəcək”- Millət vəkili
“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa aznews.az-a açıqlamasında deyib. O, hazırda ölkədə çox sayda insanın qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu və onların da həbsinin gözlənildiyini vurğulayıb: “Bu həbslər gözlənilən idi. Çünki Azərbaycanda bu kimi korrupsiya məsələlərinin geniş yayılması heç kimə sirr deyil. Buna qarşı atılan addımlar vaxtaşırı realizə olunur. Və hesab edirəm ki, bu da o addımlardan biridir. Əslində, müəyyən məsələləri vaxtında həll etmək lazımdır ki, bu qədər hadisələr baş verəndən sonra addımlar atılmasın. Bunun üçün də nəzarət mexanizmi olmalıdır”.
F.Mustafa vaxtaşırı həyata keçirilən bu kimi həbslərin cəmiyyətdə dövlətə, qanunlara inam artırdığını və şəffaflıq yaratdığını düşünür: “Adətən belə kampaniya xarakterli proseslərdə qurunun oduna yaş da yanır. Bəzən elə insanlar həbs olunurlar ki, onlar kiçik icraçıdırlar. Böyüklər, əsaslar kənarda qalırlar. Bu kimi hallara yol verilməməsi üçün proseslər hamısı hüquq çərçivəsində olmalıdır. Hüquq-mühafizə orqanlarının bilavasitə müəyyən cəsarətli qərarları, addımları hamısı təqdirolunandır, amma bütün məsələlər hər halda inandırıcılıq baxımından hüquqi müstəvidə, məhkəmə müstəvisində həll olunmalıdır”.
Millət vəkili iş adamlarının həbsi ilə bəzi iri şirkətlərin bağlanacağını da istisna etməyib: “Çünki həbs olunan insanların sahibkarı olduqları şirkətlərin fəaliyyətinə xitam verilə bilər. Buna görə də bu prosesləri kampaniyaçılıq xətrinə etmək düzgün deyil. Daha çox günahkar şəxslərin cəzalandırılması prinsipi ilə hərəkət etmək daha düzgün addım olardı. Həbs olunanların, adı maliyyə xəyanətində hallananların içində elə şəxslər var ki, bu işlərin başında dayanan, böyük məbləğdə vəsaitləri mənimsəyən, kreditlər götürənlərdir. Amma elələri də var ki, sadəcə sənəd onun adına rəsmiləşdirilib. Oradan 5-10 manat qazanıb, amma heç özünün də xəbəri olmayıb ki, ətrafında nələr baş verir. Onlar böyük fiqurların fonunda heç bir rolu olmayan şəxslərdilər. Bunlar hamısı nəzərə alınmalıdır”.
Fazil Mustafa bu vaxta kimi 70-ə yaxın insanın həbs olunduğunu və bundan sonra da həbslərin davam edəcəyini deyib.
Qeyd edək ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Bildirilir ki, həmin şəxslərin əməlləri haqda informasiyalar araşdırılıb və bu fırıldaqlarda iştirak edən hər kəsin cəzalandırılması ilə bağlı adıımlar atılması qərara alınıb. Artıq həbs olunanlardan “Xəzər İsland” ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq Meydanının bir neçə gün əvvəl işdən qovulan rəhbəri Rəşad Məmmədovun adı açıqlanıb.
Mənbə:> Qafqazinfo.az