“Diqlas” ticarət mərkəzi hələ də tüstülənir – VİDEO
Virtualaz.org-un əməkdaşlarının verdiyi məlumata görə, “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər görmüş sahibkarlar toplaşaraq, siyahı tərtib ediblər. Həmin qeyri-rəsmi siyahıda hər bir sahibkar düşdüyü zərərin məbləğini qeyd edir.
Qara Qarayev prospektinin bir hissəsi hələ də nəqliyyatın hərəkəti üçün bağlıdır, “Diqlas”ın əhatəsindəki heç bir ticarət obyekti işləmir.
* * *15:55
Bu gün səhər saatlarında güclü yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzi hələ də tüstülənir.
Virtualaz.org-un əməkdaşları hadisə yerindən xəbər verirlər ki, yanğın lokallaşdırılsa da, bəzi hissələrdə tam sönməyib.
Mağazaların bəziləri tanınmış şəxslərə məxsus olduğuna görə, onlar hələ ki, şərh vermirlər. Yanğının ticarət mərkəzinin bir tərəfindən başlayaraq, sürətlə o biri tərəfinə keçdiyi bildirilir.
Ticarət mərkəzində işləyənlərin sözlərinə görə, buradakı kiçik anbarlarda icarə haqqı 200 manatdan başlayır, amma iri mağazalarda aylıq 1500-2000 min manata çatırdı.
Ticarət mərkəzində çalışanların əməkdaşlarımıza verdikləri məlumata görə, ən böyük maddi zərər zərgərlik məmulatları satanlara dəyib. Onların arasında 500 min manata qədər zərər düşənlər var.
Digər mağaza sahibləri bildiriblər ki, yanğından zərər çəkməmiş mallar da yanğın söndürülərkən suyun təsirindən zay olub.
Hazırda yanğının söndürülməsi işləri davam etsə də, sahibkarlar baş vermiş hadisə ilə bağlı hər hansı kompensasiyanın ödəniləcəyi xəbərini ümidlə gözləyirlər.
Sahibkarlar deyirlər ki, yanğın 15 dəqiqə ərzində bütün binanı bürüyüb. TM-nin nə su anbarı, nə də yanğın təhlükəsizliyi sistemi olub. Ona görə də, yanğını söndürmək çətin olub. Hazırda yaxınlıqdakı mağazaların heç biri işləmir.
Sahibkarların çoxunun tanınmış adamlar, müğənnilər olduğu bildirilir.
Mənbə:> Virtualaz.org