Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda: İnfeksiya ətini yeyir – FOTO (18+)
Bakıda özəl xəstəxanaların birində plastik əməliyyat etdirən xanım dəhşətli duruma düşüb.
Abdominoplastikadan sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. O, Bakıda müalicə oluna bilməyib, Türkiyənin məşhur xəstəxanalarına üz tutub. Lakin türkiyəli həkimlərin də müalicəsinin effekt verməməsi səbəbindən Almaniyaya getməyə hazırlaşır. Pasiyent iddia edir ki, onun bu vəziyyətə düşməsinin səbəbkarı "İnternational-2” klinikasının baş həkimi, cərrah Elvin Əliyevdir: "27 iyun 2018-ci il tarixində Nərimanov rayonunda yerləşən "İnternational” klinikasının baş həkimi Elvin Əliyev tərəfindən abdominoplastika əməliyyatı olunmuşam. Əməliyyatdan sonra tikişlərim getdikcə açılırdı, tikişlərin arasından irin, çirk axmağa başladı. Sarğıya gedən zaman Elvin həkimin özünə dedim. Dedi ki, hər əməliyyatdan sonra olan haldır. Hər dəfə orada tibb bacıları yarama betadin qoyub yola salırdılar. 43 gün gedəndən sonra yaram getdikcə böyüyür, araları genişlənir, dərinləşirdi. Bir müddət sonra qızdırmam 39-a qalxdı. Elvin Əliyevə zəng etdim, vəziyyətimin ağır olduğunu dedim, cavabında "taksiylə gəl, orda sənə nə lazımdır olunacaq” dedi”.
Xəstə səhəri günü Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına gedib: "Orada cərrah Babək Zeynalov yaramı açdı, irindən, ölmüş toxumadan təmizlədi, yaraya ikitərəfli zont, drenaj saldılar. Bu əməliyyat 1 saat çəkdi, ağrıdan səsim klinikanı götürmüşdü.
Əməliyyatdan sonra 8 gün Cərrahiyyə xəstəxanasında yatdım. Hər gün antibiotiklər və sistemlər köçürüldü. Dəfələrlə məni əməliyyat edən həkimə zəng etdim, vəziyyətimi dedim, kömək istədim.
O isə konkret cavab demədən, bir həkim yoldaşı ilə əməliyyata verdiyim pulu konvertdə mənə geri göndərdi”.
"Həkim çox adamları mənim günümə salıb”
Bütün müalicələrin heç bir xeyrinin olmadığını görən Mehriban Mehdiyeva Türkiyəyə üz tutub: "Azərbaycanda həkimlər konkret bir söz demədiyindən, yaramdan irin və çirk axması davam etdiyindən, Türkiyəyə gəldim. Çox məşhur xəstəxanalarda, cərrahların, uzmanların müayinəsində oldum. Lakin heç kim tam sağaltmağa söz vermir, yaram çox dərindi, həm də vaxt itirmişəm, gec gəlmişəm. Bunun müalicəsi aylarla, hətta illərlə çəkə bilər. Bu hal məni çox üzür. Dəfələrlə intihar barədə düşünmüşəm, amma əzizlərim, 2 övladım gözümün önünə gəlir.
Əməliyyatdan sonra mənə yaxın insanlarda və digər pasiyentlərdə də bu klinikada Elvin həkimin əməliyyatından sonra tikişlərinin açılması, qarına su yığılması barədə narazı fikirlər eşitdim. Hətta uğursuz əməliyyat etdiyindən eyni əməliyyatı 2-3 dəfə təkrarlayıb. Deməli, mən tək deyilmişəm.
Mən bu məsələ haqda Birinci vitse-prezident Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinə, Baş prokurora, Daxili İşlər Nazirliyinə şikayət ərizələri yazmışam. Ümid edirəm ki, mənim səhhətimə bu qədər zərər vuran həkim Elvin Əliyev barədə bir tədbir görüləcək”.
"Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir”
Mehriban Mehdiyeva Almaniyaya getməyə hazırlaşdığını deyib: "Mənə əməliyyat zamanı infeksiya salınıb, infeksiya, bakteriya əkilmək üçün verilib, uzun müddətə cavab çıxır. Gözləyə də bilmirik, çünki infeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi... Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir. Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin "həkim isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin.
Mən hələ Azərbaycanda olanda demişdim ki, mən sağalmasam, sizdən şikayət edəcəyəm və haqqınızda yazacağam ki, insanlar bilsin. İndi isə mənə və yaxınlarıma hədə-qorxu gəlir ki, heç nə paylaşmayım, susum”.
"Xəstə məni şantaj edir”
Məsələ ilə bağlı Mehriban Mehdiyevada abdominoplastika əməliyyatını edən cərrah Elvin Əliyev BakuPost-a açıqlama verib. O, xəstənin ittihamlarının heç birini qəbul etmədiyini bildirib:
"Bu iş hüquq-mühafizə orqanlarının nəzarətindədir və bizim tərəfdən məhkəməyə də verilib. Çünki pasiyent məndən şantaj məqsədilə pul istəyir – 10 000 manat. Özü də demişdi ki, pul alınmasa, bu cür paylaşımlar edəcək. Biz onun şantajına boyun əymədik. O xanımın əlində heç bir tibbi ekspertiza sənədi yoxdur. Ekspertiza rəyi olmadan həqiqətə uyğun olmayan informasiyaların yayılması cinayətdir”.
Həkim abdominoplastika əməliyyatından sonra belə nekrozlaşmaların olmasını mümkün sayır və iddia edir ki, bu, dünya praktikasında var:
"Sadəcə, əvvəldən cərrah bilə bilməz ki, hansı xəstənin yarasında nekroz olacaq. Olarsa da bu həyati təhlükə daşımır, sağalması da 3-4 ay uzana bilər. Bu müddətdə xəstə sarğılara normal gəlib, sarğı qaydasına əməl etməlidir. Bir xəstə sarğılara vaxtında gəlməyibsə, bu artıq həkimin günahı deyil.
Ora əməliyyat zamanı infeksiya düşməyib, infeksiya heç vaxt 40 gün sonra özünü göstərmir. O xanımın dedikləri absurddur. Azərbaycanda o pasiyentə Nuru Bayramov kimi professor baxıb, rəy verib ki, sizin yaranızda xəstəxanada yatılacaq durum yoxdur. Tibb Universitetinin xəstəxanasında yatdığı dövrdə onun vəziyyəti kafi olaraq qiymətləndirilib. Problem yoxdur. Sadəcə o xəstə evə gəlib sarğılara getməklə müalicəni burda da davam etdirə bilərdi. Onun Türkiyəyə gedib klinikalar gəzməsi sonradan məndən pul almaq məqsədi daşıyır, şantajdır. Sağlamlığında ciddi problem olan adam internetdə bütün günü paylaşımlar etməz, gedər rəsmi müraciət edər. Bu xəstənin heç bir rəsmi sübutu, sənədi yoxdur”.
Elvin Əliyev abdominoplastika əməliyyatında belə halların olduğunu və təcrübəsində ilk olmadığını bildirib: "Bu əməliyyatı edən bütün həkimlərdə belə halın baş verməsi normaldır. Bu əməliyyatda həkim səhvi yoxdur, bunu da sübut edəcəyik. Xanıma burda müalicə təklif etdik, o razılaşmadı. Bundan sonra hər şey hüquqi müstəvidə həll olunacaq”.
Pasiyentin bizə təqdim etdiyi fotoları təqdim edirik. Ürəyi zəif olanlar baxmasın.
Bizi Telegramda oxuyun!
Mənbə:> Qafqazinfo.Az