Bakıda ”Gelandewagen”li iş adamının küçə ”razborka”sı: ”Ağzından atarlar…”
Bakıda iş adamı, sabiq bələdiyyə sədrinin müavini Ramin Babayevin gecə vaxtı ”razborka”sı görüntülənib. Hadisə şahidi iddia edir ki, R.Babayev idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı ”Gelandewagen-Mercedes” markalı avtomobillə ”VAZ-2107” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib.
Hadisə ilə bağlı criminal.az-a göndərilən videodakı hadisənin bir neçə gün əvvəl Nizami rayonu, Qara Qarayev prospektində baş verdiyi iddia olunur. R.Babayev ”8-ci kilometr” bazarı yaxınlığında prospektdə ”Gelandewagen”lə hərəkətdə olarkən ”VAZ-2107” markalı avtomobillə bir-birinə yol verməmək üstündə münaqişəsi yaranıb. Əsəbləşən iş adamı metronun ”Neftçilər” stansiyasının yaxınlığındakı ”Dakar” meydanında öz avtomobili ilə ”VAZ-2107”nin qarşısını kəsir.
Avtomobildən düşən R.Babayev ”Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar” deyərək sürücünün üstünə hücum edib.
Hadisə şahidləri R.Babayevi sakitləşdirib avtomobilinə tərəf aparsa da, o ”VAZ-2107”nin sürücüsünü başqa yerə apararaq məsələni ”çürütmək” istəyir.
R.Babayevin metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, ”X-man” geyim mağazalarının, eyni zamanda ”Dostluq” kafesinin sahibi olduğu deyilir. R.Bababyev ”PSS-Mühafizə” şirkətinə də rəhbərlik edir.
Bundan başqa R. Babayevin adı mətbuatda ”ağacların qənimi” kimi hallandırılıb. Mətbuatda yazılıb ki, icra başçısının himayəsi altında yaşıllıqlara qənim kəsilən R.Babayev bir gecənin içərisində sözügedən ticarət obyektlərinin yaxınlığındakı ağacları dibindən kəsdirib.
Məlumatda bildirilir ki, R.Babayev ekoloji cinayətini icra başçısı Arif Qasımova güvənərək həyata keçirib. Çünki A.Qasımov Nizami rayonunda tikinti işlərini və başqa qeyri-rəsmi “layihə”lərini R.Babayevə həvalə edib.
Mənbə:> criminal.az