Atasının üstünə benzin töküb diri-diri yandırdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə ittiham olunan İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 24-nə təyin edilib.
Hadisə bu il yanvarın 31-də baş verib. Mərhum İmdad Mehdiyevlə oğlu İlyas Mehdiyev ailə münaqişəsi zəminində mübahisə ediblər. Sonda İlyas Mehdiyev atasının üstünə benzin tökərək, onu yandırıb.
İlkin məlumata görə, cinayəti törədən 31 yaşlı İlyas Mehdiyev içkili olub. O, atasından pul tələb edib. Pulu olmadığını deyən 81 yaşlı İ.Mehdiyevlə oğlu arasında dava düşüb. İ.Mehdiyev atasının üstünə benzin tökərək onu və evi yandırıb.
Qeyd edək ki, İ.Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü maddələri ilə ittiham olunur.
Mərhum İ.Mehdiyev Əfv Komissiyasının üzvü, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.
Mənbə:> Virtualaz.org