Araz Ağalarov: “Mənzilimin qapısına dinamit qoyublar...”
Bu gün azərbaycanlı milyarder Araz Ağalarovun 60 illik yubileyidir. “Moskovskiy komsomolets” qəzeti onunla geniş müsahibə dərc edib.
Virtualaz.org saytı xəbər verir ki, iş adamı müsahibədə özünün həyat yolu, biznesə necə başlaması və necə varlanması barədə danışıb.
Araz Ağalarov deyib ki, Rusiyada banditizmin və reketin tüğyan etdiyi 90-cı illərdə digər biznesmenlər kimi onun da kriminal elementlərlə qarşılaşdığı hallar olub.
“90-cı illərin əvvəllərində mənim bir çox adamlarla şəxsi münaqişələrim, “raborka”larım, görüşlərim olub. Ancaq biz o vaxt heç kimlə sövdələşməyə girmədik. Və heç vaxt “krışamız” olmayıb. Sual yarana bilər ki, “krışasız” mən bizneslə necə məşğul olmuşam və kriminal avtoritetlərlə anlaşmadan işlərimi necə yoluna qoymuşam. Mən elə adamam ki, təzyiq altında bir rubl verməklə təzyiq altında həyatımı qurban vermək təxminən eyni şeydir. O zaman banditlər belə adamı nəylə hədələyə bilərlər? Fiziki divan tutmaqla? Axı onlar məni öldürsələr, heç nə ala bilməyəcəklər! Yəni mən onlara sağ lazımam!” - deyə A.Ağalarov bildirib.
A.Ağalarov deyib ki, onun başıma bir neçə dəfə buna bənzər epizodlar gəlib. Bir neçə dəfə iş adamının yaşadığı evin blokunun girişini partladıblar. Özünü və ailəsini öldürməklə təhdid ediblər: “Hətta dinamiti liftə və birbaşa mənzilin qapısına qoymuşdular. Hər dəfə mən əvvəlcədən təhlükəni hiss edib ailəmi təhlükəsiz yerə göndərmişəm və evdə tək qalmışam. Və banditlər mənə heç nə edə bilməyiblər”.
İş adamı deyib ki, onun biznesdə “yüksək liqaya” qalxması 1998-ci ildə Rusiyada baş vermiş defolt və iqtisadi böhran nəticəsində baş tutub. O vaxt yaratdığı “Crocus” şirkəti sərgi biznesində irəliləyib və biznesin digər sahələrində də uğur qazanıb.
Mənbə:> Virtualaz.org