Ağalarovun pulu dövlətdən gəlmir
Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov dövlət tikintilərindən pul qazanmağı bacarmır.
ANS PRESS-in məlumatına görə, iş adamı bu barədə “Forbes”ə verdiyi müsahibəsində bildirib.
İş adamının sahibi olduğu “Krokus İnterneşnl” şirkəti hazırda Rusiyanın Rostov-Don və Kalininqrad şəhərlərində stadion tikintisi ilə məşğuldur. Hər birinə 18 milyard rus rublu xərclənəcək stadionlarda 2018-ci ildə futbol üzrə dünya çempionatı keçiriləcək.
“Forbes” hökumət tərəfindən ilkin variantda stadionların hər biri üçün 15,3 milyard rubl vəsait nəzərdə tutulması, sonradan hansı səbəbdən smetanın 18,7 milyard rubla qaldırılması ilə maraqlanıb. İş adamının dediyinə görə, Rusiyada baş vermiş son hadisələr üzündən metal 30-40% bahalaşıb, həmçinin xaricdən alınan avadanlıqların qiyməti qalxıb. Bundan əlavə, Rostov stadionunun yeri bataqlıq olduğu üçün əlavə svaylara ehtiyac yaranıb.
“Mən dövlət tikintilərindən pul qazanmağı bacarmıram”, - deyə iş adamı vurğulayıb.
Mənbə:> ANSPRESS