Rəis açıqlama verib.
Avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş vətəndaş Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə açılan cinayət işi çərçivəsində polis sıralarından ötən gün qovulan baş leytenant Şahlar Şahlarzadə həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Musavat.com əməkdaşına Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov deyib.
Polis rəisi aldığı şiddətli töhməti isə “yüngül cəza” adlandırıb:
“Vicdanımla deyirəm ki, işdən uzaqlaşdırılacağımı düşünürdüm. Amma cənab nazir mənə etimad göstərdi, çox sağ olsun, verilən “şiddətli töhmət” də az cəzadır”.
Xatırladaq ki, DİN-in rəsmi açıqlamasında polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsinin ağır nəticəyə səbəb olduğu bildirilirdi. Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası Daxili İşlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdi.
Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli bilindiyinə, gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova “şiddətli töhmət” elan olunmuşdu.
Mənbə:> Oxu.Az