“Sabunçu körpüsü”nün yaxınlığında yeni keçid tikilir – VİDEO
Sabunçu rayonu şəhər şosesində, “Sabunçu körpüsü”ndən Zabrat qəsəbəsinə doğru düşən hissədə yerüstü piyada keçidinin inşasına start verilib.
Bu barədə Oxu.Az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, yerüstü piyada keçidi metal konstruksiyalı olacaq. Keçid 2 çıxışlı, 2 aşırımlı (orta dayaqlı) və üstü bağlı olacaq. Burda fiziki qüsurlu insanların hərəkəti üçün xüsusi panduslar quraşdırılacaq.
Sözügedən keçidin uzunluğu 42,3 metr, pilləkənlərin uzunluğu 32,7 metr olmaqla qalereyasının uzunluğu 75 metr olacaq. Layihə çərçivəsində keçidin qalereyasının eni 4 metr, hündürlüyü 3,6 metr, yol səthindən hündürlüyünün isə 5,5 metr olması nəzərdə tutulub.
Qeyd edək ki, ilkin olaraq avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi daha 6 ərazidə metal və dəmir-beton konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq bu istiqamətdə hazırlıq işləri görülür.
Yerüstü piyada keçidlərinin tikintisində məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Mənbə:> Oxu.Az