Tbilisi begemotunun Rusiyada qohumları varmış – FOTO
Begemot Tbilsi daşqınları vaxtı zooparkdan kənara çıxmışdı. Kalininqrad zooparkının əməkdaşları Tbilisi zooparkında saxlanılan begemota bir günlük maaşlarını hədiyyə ediblər. Belə məlum olub ki, Tbilisidəki daşqınların rəmzinə çevrilərək məşhurlaşan begemotun Rusiyada çoxsaylı qohumları var.
İyun ayında baş verən daşqınlardan sonra azadlığa çıxa bilmiş heyvan yenidən zooparka qaytarılmışdı. Həmin vaxtlar şəhərdə sərbəst dolaşan begemot barədə xəbərləri Kalininqrad zooparkının əməkdaşları da diqqətlə izləyirlərmiş. Buna səbəb Tbilisidəki begemotun 14 may 1999-cu ildə Kaliniqrad zooparkında anadan olmasıdır.
Daşqından sonra Tblisi zooparkından qaçan begemot Begi
Həmin begemot 2000-ci ildə Tbilisiyə göndərildi. Gürcüstan paytaxtında 1 yaşlı begemotun adı Begiyə dəyişdirildi. Belə görünür ki, azadlıqsevərlik Beginin qanındadır. Belə ki, bir il bundan əvvəl onun Milya adlı doğma bacısı da Kalininqrad zooparkından qaçmağa müvəffəq olub. Lakin Milya azadlıqda uzun qala bilməmişdi. Zooparkdan 100 metr aralanmış qaçağı yenidən içəriyə salmaq mümkün olmuşdu.
Tblisi zooparkı daşqından əvvəl
Bu hadisədən sonra zooparkda volyerlərin barmaqlıqları dəyişdirilib.
Mliya və Beginin anası – mərhum Meri zooparkdan qaçmaqda uşaqları kimi ad çıxarmasa da, sabiq SSRİ ölkələrində yaxşı tanınır. Onun vaxtilə dünyaya gətirdiyi 25 bala demək olar ki, bütün respublikalarda təmsil olunub. Belə bir nailiyyətə görə Kalininqradın Çoxuşaqlı Analar Assosiasiyası Merini öz sıralarına qəbul edib. Begemota üzərində şəkil və möhür olan rəsmi üzvlük vəsiqəsi verilib. Merini aylıq ödənişdən azad etmək üçün begemotu təşkilatın fəxri üzvlərinə aid ediblər. İki il əvvəl ölən Merinin 56 yaşı var idi və o Avropanın ən yaşlı begemotu idi.
Beginin Kalininqrad zooparkında olan bacısı Milya
Maraqlıdır ki, mütəxəssislər 2000-ci ildə dünyaya gələn Milyanın hansı cinsə aid olduğunu bir müddət müəyyən edə bilməyiblər.
Körpənin erkək olduğunu zənn edərək ona yeni minilliklə bağlı Millenium adını verdilər. Begemotun dişi olduğu məlum olanda isə Millenium adı qısaldılaraq Milya şəklini aldı.
Milyanın “fəaliyyətdə olan əri” - Qlyasik az qala beynəlxalq qalmaqala səbəb olmuş tibbi problemə görə yadda qalıb. Begemotun əyri bitərək yanağına batmış dişini müalicə etmək üçün böyük heyvanlarla işləmək təcrübəsinə malik baytar tələb olunurdu. Rusiyada bu sahədə mütəxəssis olmadığı üçün zoopark almaniyalı baytarı dəvət etdi. Lakin əməliyyat üçün Rusiyada istifadəsi qadağan edilmiş Almaniyadan gətirilən uyuşdurucu ilə bağlı sərhəddə problem yarandı. Baytara cəza kəsilə bilərdi. Buna görə almaniyalı mütəxəssis məsələ çözülənədək Rusiyaya gəlməkdən imtina edirdi.
Qanun ətrafında mübahisələr davam edərkən begemotun səhhəti günü-gündən pisləşirdi. Kalininqradda hesab edirlər ki, Qlyasikin köməyinə böyük siyasət gəldi. Güman edilir ki, populyarlığını bərpa etmək istəyən “Vahid Rusiya” begemotla yaranmış problemə diqqət yetirməyə başladı. Kalininqradın rəhbəri Aleksandr Yaroshuk hətta xəstə begemota şəxsən baş çəkərək problemin çözümündə köməyini vəd etdi. Nəticədə anesteziya problemi həllini tapdı: Qlyasikin ağrıyan dişi çıxarıldı.
Kalininqrad zooparkı
Kalininqrad zooparkının emblemində begemot təsviri var. Lakin bunun nə Qlyasik, nə Milya, nə də ki Begiyə heç bir aidiyyatı yoxdur. Begemot təsviri müharibə illərilə bağlıdır. Belə ki, 1945-ci ildə Kalininqrad (o vaxtlar Keniqsberq) hücumundan sonra yerli zooparkdakı begemot ciddi yaralansa da, sağ qaldı. Onu zootexnik Vladimir Polonski müalicə edə bildi.
Bu arada Tbilisi zooparkında saxlanılan Beginin daşqından salamat çıxan başqa heyvanlar kimi yaxşı volyer, qidalanma və baytar baxımına ehtiyacı var. Kalininqrad zooparkının işçiləri bir günlük məvaciblərini Tbilisi zooparkına göndəriblər.
Mənbə:> ANSPRESS