Builki məzunları ən çox “2” almış rayonların adları açıqlandı – SİYAHI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərində respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Oxu.Az xəbər verir ki, 86 min 156 şagirdin iştirak etdiyi imtahanların nəticələri də artıq açıqlanıb.
TQDK-nın təqdim etdiyi cədvələ əsasən, bu il XI siniflər üçün keçirilmiş buraxılış imtahanlarında ən aşağı və yüksək nəticə göstərmiş rayonların adları açıqlanıb.
Nəticələri təhlil etdikdə aydın olur ki, bu il Sabirabad rayonunda orta məktəbi bitirənlərin 46,80%-i Ana dilini, 50,59%-i isə Riyaziyyat fənini bilmir və imtahanlardan “2” qiymət alıb.
Sabirabadda imtahan verənlərin müvafiq olaraq, 6,01% və 6,40%-i Ana dili və Riyaziyyat fənlərindən “5” qiyməti alıblar.
Reytinqdə ikinci yeri 11-ci sinfi bitirən şagirdlərin 43,82%-nin Ana dilini, 49%-nin isə Riyaziyyat fənnini bilmədiyi Daşkəsən rayonu qərarlaşıb.
Daşkəsənin 11-ci sinif şagirdlərinin cəmi 4.78%-i Ana dilini, 5,18%-i isə Riyaziyyatı “əla” bilir.
Siyahıda üçüncü yerdə isə Ağcabədi rayonu qərarlaşıb.
Bu rayonda 11-ci sinfi bitirənlərin 39%-i Ana dili, 46,22%-i isə Riyaziyyatdan “2” qiyməti alıblar.
Reytinqdə Ana dili üzrə imtahanlarda ən yüksək nəticəni Naxçıvanın Gəngərli rayonu göstərib – bu rayonda yaşayan 11-ci sinif şagirdlərinin cəmi 16,54%-i imtahanlardan “2”alıb.
Riyaziyyat fənni üzrə ən yaxşı göstərici isə Qəbələ rayonundadır. Bu rayonda 11-ci sinfi bitirənlərin cəmi 24,82%-i Riyaziyyat imtahanlarından “2” qiyməti alıb.
Mənbə:> Oxu.Az