TQDK növbəti buraxılış imtahanının tarixini açıqladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır.
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 21171 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 18113 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 219 imtahan rəhbəri, 1798 nəzarətçi-müəllim ayrılıb.
Mənbə:> Oxu.Az