"Əks halda Azərbaycanda Facebook bağlanmalıdır"
"Prezidentin jurnalistlərin mükafatlandırılması ilə bağlı sərəncamından sonra Mətbuat Şurasına 30 ərizə daxil olub".
AzNews.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri MŞ sədri Əflatun Amaşov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı deyib.
Mətbuat günündə hansı jurnalistlərin mükafatlandırılacağına gəlincə, Amaşov bildirib ki, burada müəyyən məhdudiyyətlər tətbiq edilməlidir:
"İndiyə qədər 30 ərizə daxil olub. Bu gedişlə iyulun əvvəlinə kimi bu say 1000-i keçəcək. Buna görə də düşünürəm ki, müəyyən parametrlər seçməliyik və məhdudiyyətlər tətbiq edilməlidir. Elə jurnalistlər var ki, 40-50 illik stajları var, lakin ərizə ilə müraciət etmirlər. Bəlkə, utanıb-çəkinirlər. Biz bu insanları axtarıb-tapmalıyıq.
Onun sözlərinə görə, mətbuat xidməti sahəsində çalışanlar da bu siyahıya daxil ediləcəklər.
***
Ə.Amaşov həmçinin son vaxtlar müəyyən qüvvələrin həm ölkə daxili, həm də ölkə xaricində antiazərbaycan hərəkatı başlatdıqlarını vurğulayıb. O, belə məsələlərdə jurnalistlərin həmrəylik göstərdiklərini də qeyd edib.
Mətbuat şurasının sədri həmçinin bəzi sosial şəbəkələrdə yaradılan səhifələrə toxunub. O, "Ümummilli paz" adlanan bir Facebook səhifəsində ölkənin bir neçə media kapitanlarının, siyasətçilərinin şəkillərinin yerləşdirildiyini və ünvanlarına təhqirmiz ifadələrin işlədildiyini deyib.
Amaşov əlavə edib ki, facebook rəhbərliyi həmin səhifələri bağlamalıdır. Bağlamasa, Azərbaycanda "facebook" bağlanmalıdır. Bu cür səhifələrin bağlanması mümkün olmazsa, Azərbaycan facebook rəhbərliyi ilə danışıqlar aparmalıdır".
Mənbə:> Qafqazinfo.az