200 min verib bulaq çəkdirən müğənni: Onu yazanın var-yoxu belə belə olsun
Tanınmış xanəndə Elnarə Abdullayeva Qobustan rayonuna çəkdirdiyi bulağın quruması ilə bağlı yayılan xəbərlərdən bərk hiddətlənib. Başlıqdan da məlum olduğu kimi, Abdullayeva müsahibə ərzində əsəblərini cilovlaya bilməyib və qeyri-etik ifadələr işlədib.
AzNews.info Ölkə.Az-a istinadən həmin söhbəti təqdim edir.
- Elnarə xanım, bildiyiniz kimi sualım...
- (gülür)...
- Sualı verim, sonra mən də güləcəyəm, siz də.
- Mənim başım o qədər şişib, xarab olub o qədər işləyir ki... Belə ucuz-ucuz şeylərə başımı işlətmək istəmirəm. Siz başa düşürsünüz? Əgər istəyirsinizsə, gedin kəndə. Hələ müəyyən tamamlanmamış işlərimiz var.
- Bildirilir ki, açılış mərasimində quyuya su doldurmaqla bulaqdan istifadə olunub...
- Biz orada motorları vurmuşuq. Hazırda izolyasiya işləri gedir. Əvvəla mən bunu ona görə etməmişəm ki, media və camaat bilsin.
- Bəs niyə açılış mərasimində medianı da ora aparmışdınız?
- Mən aparmamışdım, jurnalist Tahirə Məmmədqızı aparmışdı. Mən aparmamışdım ki, iki gündən bir gah belə yazsınlar, gah elə. Bu boyda xərci medianın xatirinə yox, Allah rizası üçün etmişəm. Siz bunu başa düşürsünüz? Yəni jurnalistlər ora gələ də bilərdilər, gəlməyə də.
- Tutaq ki, mətbuatı Tahirə Məmmədqızı dəvət etmişdi. Bəs niyə etiraz etmirdiniz?
- Mən də deyirəm ki, onu yazanın da var-yoxu belə belə olsun, deyənin də. İndi necə olur? Mən ağzıma gələni deyirəm, sən də yaz. Bu nədir ə? Bunlar hamısı dəlidirlər vallah. Bıyy... Mən bu boyda iş görürəm, bunların işi-gücü yoxdur? Bunları bircə dəfə aparıb o “tranşey”də işlətmək lazımdır. Bütün jurnalistləri də, yazanları da, pozanları da. Hərəsi 200 manat xərc çəksələr, onda bilərlər ki, nə nədir.
- Gərək əvvəldən dəvət etməzdiniz...
- Ay kişi iş görüldü, qurtardı. Hələ bir gedin baxın görün nə işlər gedir də. O sözü yazanın, çıxardanın var-yoxu belə-belə olsun, küçədə qalsın. Məni dindən-dondan çıxarırlar.
- Bundan sonra xeyriyə işlərini davam etdirəcəksiniz, yoxsa bulaq məsələsi sizə dərs oldu?
- Cındır-cındır jurnalistlər də çoxdur, danışanlar da. Mən onlara görə Allah rizası üçün gördüyüm işləri təxirə salan deyiləm. Bunlar mərdiməzardılar da. Bu işi başalayanda bilirdim ki, belə insanlar olub və olacaq da. Elə kəndin özündə də belə sarsaq adamlar var. Elə sarsaqlara görə iş görməməliyik?
- Sualları cavablandırdığınız üçün təşəkkür edirəm.
- Denən Elnarə dedi ki, onu yazanın var-yoxu küçədə qalsın. Debillər...
Mənbə:> Olke.az