Zeynəb Xanlarova onu bəxtəvər etdi
20-21 fevral tarixlərində Heydər Əliyev Sarayında "Zəfər çalacağıq" adlı uğurlu konsertlərlə çıxış edən xanəndə Elnarə Abdullayeva indi özünü ən xoşbəxt sənətçi hiss edir.
Əməkdar artist xoşbəxtliyinin səbəbini ANS PRESS-ə açıqladı: "Özümə bəxtəvər deməyim, nə deyim? Əzəmətli Sarayın səhnəsinə çıxmamışdan öncə ilk xeyir - duanı canlı əfsanəmiz, SSRİ-nin xalq artisti, dünyanın Zeynəbi Zəynəb xanım Xanlarovadan aldım. Sürpriz görüşümüzdə dahi sənətkarımız məni elə sözlərlə ruhlandırdı ki, bu xoşbəxtliyi ifadə etməkdə çətinlik çəkirəm. Zeynəb xanımın bu diqqəti məni dünyanın xoşbəxti etdi. Allah-Təala onu həmişə var eləsin. Sənətimə verdiyi yüksək qiymət ömrümün sonuna qədər mənim üçün stimul mənbəyi olacaq. Bəxtəvərəm və bunu məmnunluqla hamınızla bölüşürəm".
Azərbaycanın böyük sənətkarı Zeynəb Xanlarova müğənniyə dəstəyini və sevgisini bildirmək üçün düz konsertin keçiriləcəyi məkana gəlib. Zeynəb Xanlarovanın gəlişi ifaçıya da, onun prodüseri Asif Kərimova da böyük ruh yüksəkliyi verib. Böyük sənətkarın Elnarə Abdullayevanı bəyənməsi, həm ifaçı olaraq, həm də insan kimi qiymətləndirməsi onu xoşbəxt edib. İllərdən bəri arzuladığı konsertini reallaşdırmağın sevinjinin üstünə bir də Zeynəb Xanlarovanın verdiyi qiymətin xoşbəxtliyi əlavə olunarsa, görün, nə olar?
"Zeynəb xanım mənə dedi ki, ona oxşayıram. O, mənə "sən mənim davamçımsan. Özün də mənə oxşayırsan, sözü üzə deyirsən" dedi. Elnarə Abdullayeva Zeynəb Xanlarovanın ona söylədiyi bu sözlərdən qürur hissi keçirdiyini bildirdi. Asif Kərimov isə bundan sonra məni kim təbrik etsə, təəccüblənmərəm",- deyir.
Daha sonra müğənni İlhamə Quliyevanın göndərdiyi çiçəkləri alan Elnarə Abdullayeva sənətkarın xəstələndiyini eşidib təəssüfləndi. Qalan hamı artıq salondakı yerini tutmuşdu. Hətta əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, millət vəkilləri, məmurlar...
Elnarə Abdullayevanın gözlədikləri də, Elnarəni gözləyənlər də gəlmişdi. Canəli Əkbərov, Mələkxanım Əyyubova, Vüqar Əhmədov, Şeyx Əbdül, Elnarənin ailəsi və yaxınları, sənət dostları... Elnarəni gözləyənlər isə lap çox idi. Konsertin biletləri tamamilə satıldığından bütün yerlər dolmuşdu. Bu günkü konsertdə də bu jür olajağı gözlənilir. Artıq məlum olduğu kimi, konsert əvvəlcə yalnız 1 gün, fevralın 20-də nəzərdə tutulurdu. Qısa müddət ərzində satılan biletlər konserti 2 gün keçirmək zərurətini ortaya qoydu.
Yaşıl uzun geyimdə səhnəyə daxil olan xanəndə ilk solo konsertinin ilk günündə səslənən ilk mahnı alqışlarla qarşılanır. Səhnə, əvvəlcədən elan olunduğu kimi, 2 hissəyə bölünüb. Bir tərəfdə xalq çalğı alətləri, digər tərəfdə klassik musiqi ifaçıları yerini alıb. Hələlik, xalq çalğı alətləri öz çıxışına başlayıb.
Elnarə Abdullayeva sadəcə səsi və ifası ilə deyil, öz xasiyyəti ilə də tamaşaçı sevgisi qazanıb. Bu, müğənninin jestlərinə reaksiyalardan da aydın hiss olunur. Arada pərəstişkarlarına yorulub-yorulmadıqlarını soruşur, "yorulanda deyin", deməsi gülüşə səbəb olurdu. Hiss olunur ki, müğənni ağır iş həftəsinin yorğunluğunu təkjə səsi ilə deyil, sözü ilə də çıxarmağa çalışır. "Siz alqışlarınızla mənə sevdiyinizi hiss etdirirsiniz. Mən bilmirəm necə bildirim", - deməklə isə sevənlərinin ürəyini riqqətə gətirməyi bacardı. Qədir Rüstəmovun repertuarından səsləndirdiyi "Sona bülbüllər" mahnısı ilə isə zalı tam ələ aldı.
Növbə təsnifindi. Elnarə korifey sənətkarlara, məşhur muğam ifaçılarına hörmətini bildirib Ağakərim Nafizə məhz onun repertuarı ilə davam edəcəyini bildirir: "Sizin təsniflərdən birini oxumaq istəyirəm. Bilmirəm, düz, ya əyri oxuyacam. Onsuz da gəlmisiniz, pis də olsa, onsuz da qulaq asacaqsınız".
Bu sözləri ilə zalda gülüşə səbəb olan müğənni təsnifin də öhdəsindən layiqincə gəldi. Beləliklə, muğam üçlüyünü qaboyların müşayiəti, onları da aşıqlarla duet əvəz etdi. Şirvan və Qərb aşıq məktəblərinin nümayəndələri ilə deyişən Elnarə meydanı kimsəyə buraxmadı.
Konsertinin burdan sonrasını klassik musiqi alətlərinin müşayyəti ilə davam etdi. Ancaq yavaş-yavaş yorulduğunu da etiraf edən müğənni, "görürsünüz də, mənə nələr oxutdururlar" deyə gileylənməyi də unutmadı. Ağ köynəkli klassik musiqi ifaçıları ilə ağ libası ilə həmahənglik yaradan xanəndə Ramiz Mirişlinin bəstələri, Rübabə Murafovanın repertuarından "Heydər babaya salam" mahnısı ilə davam etdi.
Səhnə birləşdi. Nəhayət, növbə son kompozisiyanındır. Bayaqdan bəri ikiyə bölünüb növbələşən xalq çalğı alətləri və klassik musiqi ifaçıları birləşdi. Birgə ifa olunan bu nömrə konsertin son sözü oldu. Son söz "Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ" oldu. Beləliklə, konsert başa çatdı.
Elnarə Abdullayeva sözün böyük mənasında bir daha ona olan tamaşaçı sevgisini sübüt edə bildi. Xanədnənin Sarayda verdiyi konsertdən isə hələ çox danışılacaq.
Mənbə:> ANSPRESS