"Qaqa, o internətdəki çaydan ver" – FOTOREPORTAJ
"Bulvarda sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır" xəbəri sosial şəbəklərdə və insanlar arasında ən çox müzakirə olunan mövzuya çevrildi.
Doğurdanmı mürəbbəli çay, özü də bulvarda, 3 manata ola bilər?
Xəbərin nə dərəcə dəqiq olub-olmamasını öyrənmək üçün Ölkə.az-ın çəkiliş qrupu üz tutur Dənizkənarı Milli Parka...
Heç kənddə mürəbbəli çayı 3 manata verməzlər, o ki qaldı Bulvar olsun...
İlk gəldiyimiz yer "Günəşli" kafesidir. Hava isti olduğundan demək olar stolların hamısı boşdur. Kafenin inzibatçısına yaxınlaşırıq. Yayılan xəbərin nə dərəcədə düzgün olub-olmadığını soruşuruq. İnzibatçı bildirir ki, əvvəllər çay bizdə hansı qiymətə idisə, indi də o qiymətədir. Biz də sosial şəbəkədən o xəbəri oxuduq, Bulvar idarəsi ilə əlaqə saxladıq, bizə bildirdilər ki, sosial şəbəkədə yayılan xəbər yalandır. Sadəcə çay əvvəlki kimi 2 manat, mürəbbələr isə çeşidinə görə qiymətləri dəyişir.
"Günəşli" kafesinin inzibatçısı deyir ki, hər yerin özünə görə qiyməti var, Teleqüllədə stulun biri 30 manatdır. Ora gedib desək ki, çayı 2 manata ver, adama söyərlər. Çayın qiyməti yerdən, aicarə haqqından, xidmətdən asılıdır. Bulvardakı çay evləri məhəllələrdəki çayxanalar kimi deyil axı, burda konfort da fərqlidir.
Bu kafedən çıxıb gedirik "Lalə" kafesinə. Ofisantlara özümüzü təqdim edən kimi Elşən adlı ofisant başlayır nə başlayır. Deyir, qardaş, bu xəbər çıxandan ömrümüz günümüz çürüyüb. Dünən gecə bura çay evi yox, sanki dəlixana idi. Axşam gələn müştəri oturar-oturmaz soruşur, "çay üstəgəl mürəbbə 3 manatdır?". Qardaş, bu insanlar nə yeyir, nə içir anlamıram, 3 manata mürəbbəli çay olar?
Mürəbbənin bankası qiyməti 20-30 manat arasındadır. 1 balon mürəbbədən 6-7 qablıq mürəbbə çıxır. Bunun xərci borcunu ödəməyəcəksə kim ziyana işləyər? Dünən axşam iki nəfər gəlib mürəbbəli çay içdi, hesabın 6 manat olduğunu deyəndə qaynar xəttə zəng etdilər. Bulvar idarəsindən gəldilər nə olduğunu dedik, idarədən də bildirdilər ki, sadə çay 2 manatdan baha ola bilməz, mürəbbənin qiyməti isə çeişdindən asılıdır.
"Palmali" kafesindəyik. İnzibatçı gəlir və deyir ki, bizdə də 2 manata çay var ancaq yerindən aslıdır. VİP yerdə əyləşən müştəriyə necə 2 manatlıq sadə çay verək? Adi yerdə oturan müştəridən sadə çay istədikdə çayın yanında başqa heç bir şey tələb etmirik. VİP yerdə əyləşən müştəriyə isə çayın yanında şokalad və yaxud mürəbbə olması şərdir.
"Delfin" kafeyə gedirik. İnzibatçı Elşənlə söhbət edirik. Söhbət zamanı məlum olur ki, Bulvar idarəsi çay evlərinə tapşırıq verib ki, müştərilərə sadə çay da versinlər, yəni, çayın yanında şokalad və mürəbbənin olması şərt olmamalıdır. Elşənin sözlərinə görə, Bulvar idarəsi çay evlərinə bildirib ki, heç bir müştəri narazı getməməlidir. Əgər hansısa çay evindən şikayət olacaqsa həmin çay evi cərimələnəcək.
"Rast" kafesinin inzibatçısı ilə görüşürük. İnzibatçı bildirir ki, dünən sosial şəbəkədə çıxan xəbərə görə axşam saatlarında müştərilərlə kafe işçiləri arasında söz-söhbət də olub. Kafeyə gələnlərdən bir neçəsi mürəbbəli çay içəndən sonra 3 manat vermək istəyib. Mürəbbənin balonu 20-30 manatdır, hər kafedə də 30-a yaxın işçi var. Mürəbbəni pulsuz verəcəmsə bəs işçilərin pulunu kim verəcək, bəs icarə haqqını necə verək?
İnzibatçı deyir ki, dünən gələn müştərilər arasında birinin sifarişi isə lap kulminasiya nöqtəsi idi. 3 nəfər cavan oğlan gəldi, ofisiant yaxınlaşıb sifariş qəbul edəndə, oğlanlardan biri dedi ki, "qaqa, o internətdəki çaydan ver". Adam bilmir gülsün ya ağlasın...
Bulvar ərazisindəki bütün çay evlərini gəzdik, hamısında vəziyyət eynidir. Qiymət endirimi yoxdur. Dəyişən tək bir şey var, sadə çay sifariş etmək olar...
Mənbə:> Olke.az - Səxavət Məmməd