Müəllif Hüquqları Agentliyi: “Köçəri” rəqsi ermənilərin deyil » AzNews.info -Xəbər portalı

Müəllif Hüquqları Agentliyi: “Köçəri” rəqsi ermənilərin deyil

Müəllif Hüquqları Agentliyi: “Köçəri” rəqsi ermənilərin deyil


Azərbaycanın Müəllif Hüquqları Agentliyi Ermənistanın mədəniyyət naziri tərəfindən Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil edilməsi üçün YUNESKO qarşısında məsələ qaldırılması ilə bağlı açıqlama yayıb.

Oxu.Az Agentliyin saytına istinadla xəbər verir ki, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur.

Buna misal olaraq, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.

Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsi onların ilk cəhdi deyildir. Belə cəhdlərdən biri kimi “Eurovision-2011” mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman “Köçəri” rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi dərhal araşdırmalara başlamış, “Köçəri” rəqsinin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən və “Köçəri” sözünün etimologiyasını açıqlayan arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılmış və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.

“Köçəri” sözünün etimologiyasına gəldikdə, qeyd edək ki, Mahmud Kaşğarinin məşhur “Divani lüğət” kitabında “köçəri” sözü aşağıdakı mənalarda verilmişdir: koç-qoç, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə getmək.

“Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilmişdir.

“Köçəri” rəqsi əsasən Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş yayılmışdır. Azərbaycanlılar özlərinin ata-baba yurdlarından, yəni Qərbi Azərbaycandan (indiki Ermənistandan) tamamilə deportasiya edilməmişdən əvvəlki zamanlarda (1988-ci ilədək) onların ifa etdikləri çox populyar rəqs olmuşdur. Türkiyədə də bu rəqs populyardır.

Rəqs edənlər bir-biri ilə əl-ələ tutaraq dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağaranın müşayiəti ilə ifa olunur, cəngavərliyi, çevikliyi və cəsarəti ifadə edir.

Beləliklə, “Köçəri” rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycan musiqisindən həmişə bəhrələnmişlər və indi də belədir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *