Qalmaqallı parkın sahibi kimdir? – “Bizə aidiyyəti yoxdur”
“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. O, qeyd edib ki, Milli Məclisin 29 may 2015-ci ildə keçirilən iclasında millət vəkili Musa Quliyev həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin təhqir edilməsi ilə bağlı fikirlərinə münasibət bildirmişdi: “Sabir Rüstəmxanlının M.Ə.Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur. Bu, yalan informasiyadır və həqiqəti əks etdirmir. Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən, o bağın Gəncə şəhər İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir”.
N.Əzməmmədov bildirib ki, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 73 №-li sərəncamına əsasən, Azərbaycan Dəmir Yollarının balansında olan Gəncə, Sumqayıt, Əli Bayramlı (indiki Şirvan), Lənkəran, Şəki, Yevlax şəhərləri, Abşeron, Xızı, Tovuz, Xanlar, Daşkəsən, Samux, Saatlı, Salyan, Astara, Goranboy, Sabirabad, Beyləqan, Masallı, Qax, Cəlilabad, Neftçala, Ağdaş, Qazax, İmişli rayonları ərazilərindəki mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları, qurğuları, yollar aidiyyəti üzrə şəhər və rayon icra hakimiyyətilərinin balansına verilməlidir: "Bu sərəncama əsasən, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi Gəncə şəhər İcra Hakimiyyətinə müvafiq məktubla müraciət edib. Gəncə şəhər İcra Hakimiyyətinin 28 noyabr 2014-cü ildə QSC-yə göndərdiyi cavab məktubunda Azərbaycan Dəmir Yollarının balansında olan mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları qurğularının Gəncə şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə əvəzsiz qəbul edilməsinə razılıq verilib".
Onun sözlərinə görə, hazırda Gəncədəki Məmməd Əmin Rəsulzadənin abidəsinin yerləşdiyi parkda aparılan təmir-tikinti işlərinin Nəqliyyat Nazirliyinin struktur bölməsi olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə heç bir aidiyyəti yoxdur: "Parkdakı hər hansı neqativ hala görə cavabdeh orada tikiniti işlərini həyat keçirən təşkilatdır".
Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Naqif Həmzəyev isə parkın icra hakimiyyətinin balansında olmadığını bildirib: “Sözgüdən parkda uzun müddətli təmir gedir və bu park birbaşa Dəmir Yolu İdarəsinə tabedir. Həmçinin təmir də onlar tərəfindən həyata keçirilir və bu məsələdə Məhəmməd Əmin Rəsulzadəyə qarşı heç bir hörmətsizlik edilməyib. Təmir müddətində abidənin qorunması üçün üzərinə örtük çəkilməlidi və bu həmin abidənin qorunması üçün edilib. Bunu hörmətsizlik kimi qəbul etmək olmaz”.
Mənbə:> AzVision.az