Gülər Əhmədova danışdı: "Deputatlıq barədə düşünmürəm” » AzNews.info -Xəbər portalı

Gülər Əhmədova danışdı: "Deputatlıq barədə düşünmürəm”

Gülər Əhmədova danışdı: "Deputatlıq barədə düşünmürəm”


Keçmiş deputat Gülər Əhmədova modern.az-ın suallarını cavablandırıb.

Virtualaz.org həmin müsahibəni oxucularına təqdim edir:

- Gülər xanım, hazırda nə işlə məşğulsunuz?

- Hazırda ailəmlə, övladımın dərsi ilə, sağlamlığımızla məşğulam. Başqa heç nə ilə maraqlanmıram. Balaca oğlumun 10 yaşı tamam oldu. O, körpə uşaq kimi bütün günü yanımdan ayrılmır.

- Həmişə sizi aktiv, ictimai-siyasi tədbirlərdə yaxından iştirak edən xanım kimi görmüşük. İndi özünüzü ailənizə, uşağınıza həsr etmisiniz, bu Sizə sıxıcı gəlmir?

- Qətiyyən. Ailə, uşaq heç vaxt darıxdırıcı ola bilməz. Balaca oğlum çox ağır stresslər keçirdi. Hazırda onun psixologiyası ilə məşğulam. Keçirdiyimiz günlər uşaq üçün də, böyük üçün də ağır stresslər idi. Çalışırıq ki, o günləri övladıma, özümüzə unutduraq.

- Yenidən ictimai həyata qayıtmaq kimi bir planınız və ya istəyiniz varmı?

- Açığı, bu barədə, ümumiyyətlə, düşünmürəm. Ancaq elmi sahə üzrə müəyyən məsələləri planlaşdırıram. Elm sahəsində müəyyən tədqiqatlarım var. Bilirsiniz ki, psixologiya elmləri namizədiyəm. İctimai olmasa da, indi sırf elmi işlə, uşaq psixologiyası ilə məşğulam. İndi psixologiya sahəsi üzrə bir çox ədəbiyyatlarda araşdırmalar aparıram. Araşdırmam uşaqların psixoloji vəziyyətlərinin korreksiya olunması ilə bağlıdır. Çünki uşaqlara korreksiya çox lazımdır. Əvvəllər mənim belə araşdırmalarım olub, elmi işim də psixologiya ilə bağlı idi. İndi fəaliyyətimi aktivləşdirmək istəyirəm.

- Ölkədə gedən ictimai-siyasi hadisələri izləyirsinizmi?

- Açığı nə televiziya, nə də internetlə uğraşıram. Buna vaxtım da yoxdur. Ancaq ümumi bilirəm ki, dünyada nə proseslər gedir.

- 2015-ci il parlament seçkilərində namizədliyinizi verməyi fikirləşirsinizmi?

- (Gülür)... Bununla bağlı heç bir planım yoxdur. Ümumiyyətlə, ictimai-siyasi məsələlərə nə vaxtım var, nə də həvəsim.

- Gülər xanım, həyat yoldaşınız Fikrət Əhmədov Az.TV-dəki işindən çıxmışdı. İndi hansısa bir işlə məşğuldurmu?

- Yox, həyat yoldaşım da heç bir işlə məşğul olmur. Elə evdəyik.

- Bəs ailənin dolanışığı necə tənzimlənir?

- Böyük oğlum işləyir. Ailəmizin dolanışığına oğlum və qohumlarımız kömək edir. Şükür Allaha! Bizə nə lazımdır?! Evimiz var, oturmuşuq, çörək pulumuzu da oğlum çıxarır. Böyük oğlum ailəli deyil.

Qeyd edək ki, 2013-cü il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. Həmin ilin fevralında tutulan Gülər Əhmədova külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.

2014-cü il mayın 5-də sabiq deputat Gülər Əhmədova Bakı Apelyasiya Məhkəməsinin zalından azadlığa buraxılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *