Neftçala və Şirvanda da “üzcırma” başladı
Virtualaz.org saytının Şirvan bürosuna bu barədə Neftçala Rayon İcra Hakimiyyətindən (RİH) məlumat veriblər.
RİH-dən bildirilib ki, rayonda poliuretan və penoplastla üzlənmiş 3 bina var. Onlardan biri 5 mərtəbəli yaşayış binası, digər ikisi isə Neftçala şəhər bələdiyyəsinin və mədəniyyət şöbəsinin inzibati binalarıdır.
Artıq dünəndən başlayaraq A.Cəfərov küçəsində yerləşən 5 mərtəbəli, 50 mənzilli yaşayış evinin fasadına vurulmuş sintetik üzlüklərin sökülməsinə başlanılıb.
Müxbirimizin binanın sonradan hansı üzlüklə üzlənəcəyi barədəki sualına isə icra hakimiyyətindən belə cavab verilib ki, bununla bağlı hələ qərar verilməyib, məsləhətləşmə aparılır.
Oxşar proses Şirvan şəhərində də həyata keçirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının I müavini Samit Abıyevin virtualaz.org saytına verdiyi məlumata görə, Şirvan şəhərində penoplastla üzlənmiş 6 yaşayış binası var. Onlardan 4-ü üçmərtəbəli, 2-si isə beşmərtəbəli evlərdir.
Mənbə:> Virtualaz.org