Nərimanov rayon prokuroru işindən qovuldu - RƏSMİ
Prokurorun müavini də vəzifədən azad edilib.
Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla Nərimanov rayon prokurorluğu əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı cinayət-prosessual qanunvericiliyin və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini pozmaqla istintaq və təhqiqat zamanı süründürməçiliyə, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri prinsipiallığın göstərilməməsi, eləcə də əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi və vətəndaşların müraciətlərinə vaxtında və obyektiv baxılmaması hallarına yol verdikləri müəyyən edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a məlumat verilib.
Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilmiş, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.
Mənbə:> AZXEBER.COM