Qızıl dəbdən düşdü – FOTO
Tarix boyu qızıl var-dövlət meyarı sayılsa da öz parlaqlığını itirib və dəbdən düşüb.
ANS PRESS-in məlumatına görə, artıq dünyanın ən varlı şəhərlərində inflyasiyadan qorunmaq və var dövləti saxlamaq üçün digər mexanizmlər işləyir. Bu barədə "BlackRock" nəhəng investisiya fondunun rəhbəri Lourens Fink bildirib.
“İndi dünyada iki növ var-dövlət saxlamaq vasitəsi var. Bu müasir incəsənət nümunələri, eləcə də Manhetten, London və Vankuverdə mənzillərdir”- deyə Fink vurğulayıb.
“Mən zarafat etmirəm, söhbət ciddi miqdarda yatırımlardan gedir”- deyə o əlavə edib.
Qızıla ayrılan yatırımlar əsrlər boyu böhran zamanı var-dövləti saxlamağa qulluq etsə də, keçən il sərmayədarları fiaskoya uğradıb. 2011-ci ildə qiyməti rekord həddə çatan “sarı metal” 2014-cü ildə nə az-nə çox düz 38 faiz ucuzlaşıb.
Əgər 2011-ci ilin sentyabrında troy unsiyasının qiyməti 1900 dollar idisə bu həftə ərzində bazarlarda qiyməti 1195 dolları keçməyib.
Lakin buna baxmayaraq bir çox uzaqgörən investorlar qızılı öz ticarət portfellərində çoxdan saxlayırlar. Qiymət ucuzlaşan kimi gələcək qalxışa inanaraq onlar yenə də qızıl almağa üstünlük verirlər.
Bu bir növ özünəməxsus sakitçilik üçün edilən sərmayələrdir. Belə ki, müəyyən vaxt kəsimində müəyyən düşüşlər yaşanmasına baxmayaraq, bütün göstəricilər 10-20 il ərzində qızılın qiymətinin artımına işarə verir.
Mənbə:> ANSPRESS