Hacıbala Abutalıbov Bakı sakinlərinə müraciət etdi – XƏRİTƏ
Bakı Şəhər İcra Hakimiyyəti I Avropa Oyunları ərzində parkinq və nəqliyyatın idarə edilməsinə dair məlumat yayıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata əsasən, beynəlxalq oyunlar zamanı hər bir yarış və əsas qeyri-yarış obyektləri ətrafında Parkinqə Nəzarət Zonaları olacaq.
Bu nəzarət zonalarının məqsədi yarış obyektlərinə yaxın ərazilərdə qanunla icazə verilən yerlərdə yalnız burada yaşayan sakinlərə parkinqə icazə verməklə onların evlərinə rahat gediş-gəlişini təmin etməkdir.
Bütün nəqliyyat vasitələri heç bir məhdudiyyətsiz və buraxılışsız bu zonaya daxil ola və hərəkət edə bilərlər. Lakin Parkinqə Nəzarət Zonasında yaşayan sakinlərdən başqa heç kimə parkinq icazəsi verilməyəcək.
İstisna: Avtomobillərini şəxsi həyətlərində, yeraltı parkinq ərazilərində və ya şəxsi qarajlarında park edən sakinlər üçün Parkinq İcazəsi tələb olunmur.
Parkinqə Nəzarət Zonalarına daxil olan ərazidə fəaliyyət göstərən şirkətlər/qurumlarda çalışan şəxslərə, əgər çalışdıqları şirkət və ya qurumun əməkdaşları üçün parkinq ərazisi yoxdursa, işə gəliş-gediş üçün ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür. Sözügedən şəxslər öz avtomobillərini qanunla nəzərdə tutulmuş qaydada parkinqə icazə verilən ərazilərdə (Parkinqə Nəzarət Zonaları istisna olmaqla) və xüsusi dayanacaqlarda saxlayaraq iş yerinə gedə bilərlər.
Bakıda qeydiyyatda olmayan, lakin Parkinqə Nəzarət Zonalarında yaşayan sakinlər parkinq icazəsi üçün Mənzil İstismar İdarələrinə müraciət edərək yaşadıqları ünvan haqqında sənəd əldə edə bilərlər.
31 yanvar 2015-ci il tarixinədək qeydiyyatdan keçmiş vətəndaşlardan yalnız parkinq icazəsi almalı olan vətəndaşlara (zəhmət olmasa, PNZ-yə daxil olan xəritə və küçələrin siyahısına baxın) 15 may tarixindən etibarən icazələri almaq üçün Mənzil İstismar İdarələrinə müraciət etmələri xahiş olunur.
Bakı meriyasının məlumatında bildirilir ki, bu ilin yanvarın 31-dək qeydiyyatdan keçmiş vətəndaşlardan parkinq icazəsinə heç bir ehtiyacı olmadığı halda (məsələn, yaşadıqları ərazi PNZ-yə daxil deyilsə) verilməyəcək. Zəhmət olmasa, yarış obyektləri üzrə müvafiq PNZ xəritələrində küçələrin siyahısına bir daha diqqət yetirin.
Eyni zamanda, 31 yanvar 2015-ci il tarixinədək qeydiyyatdan keçə bilməyən, lakin parkinq icazəsi almalı olan vətəndaşlar mayın 15-dən yenidən Mənzil İstismar İdarələrinə müvafiq sənədlərlə müraciət edərək qeydiyyata düşə və eyni gündə parkinq icazələrini əldə edə bilərlər.
Mənbə:> Oxu.Az