Gələcək nəsillərə xalçaçılıq sənəti öyrədilməlidir – VİDEO
Paytaxtın bir çox turistik məkanlarında əcnəbilərə rast gəlmək olur. Tarixi məkanlara diqqəti çəkmək həmçinin milli adətləri onlara tanıtmaq məqsədilə tədbirlər keçirilir.
ANS TV-nin məlumatına görə, İçəri Şəhər qoruğunda maraqlı tədbir təşkil olunub. Tədbir əsasən tarixi qoruqları görməyə gələn paytaxt sakinlərinin və əcnəbi qonaqların çox olduğu ərazidə baş tutub. Bu məkan həm də onların diqqətini cəlb etmək xarakteri daşıyırdı.
Ziyarətçilər arasında isə azyaşlılar, məktəblilər çoxluq təşkil edirdi. Məqsəd isə tarixi ənənələrimizi gələcək nəsillərə ötürmək idi.
Tədbiri ziyarət edənlər xalçaçılıq sənətinin incəlikləri tanış olub, onların toxunması texnikasına, eləcə də hazır nümunələrə öz gözlərilə şahidlik edib. Diqqət çəkən həm də əfqanıstanlı qonağın çəkdiyi rəsmlər idi ki, məktəblilər onun barmaqlarının qabiliyyətindən həvəslə yararlanmış olub.
“Bunları uşaqlara həm tanıtmaq, həm də tanımaq üçün onlarda maraq oyatmaq lazımdır. Bundan sonra ola bilsin ki, onlarda bu sənətə həvəs oyansın. Həvəslə yanaşı onlarda istək də olmalıdır. İstək olan yerdə isə inkişaf da olacaq. Təbii ki, burda olan uşaqların hamısı sənətkar olmayacaq. Amma onların arasında çox gözələ sənətkarlar ortaya çıxacaq” – deyə tədbirin təşkilatçısı İradə Əmiraslanova bildirib.
Tədbirin paytaxtda təşkil olunacaq I Avropa Oyunları ərəfəsində baş tutması da təsadüfi deyil. Ölkəmizə gələn əcnəbi qonaqlar da xalçaçılıq və incəsənət nümunələrimizlə tanış olmaq imkanı qazanıb.
Bu kimi tanıtım işlərinin gələcəkdə də təşkil ediləcəyi istisna deyil.
Mənbə:> ANSPRESS