Nazir polislərə tapşırıq verdi
Avropa Oyunlarda Azərbaycan Polisinin işgüzar nüfuzunun və imicinin daha da qaldırılması üçün şəxsi heyət tərəfindən lazımi səylər göstərilməlidir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bunu Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 16-da Daxili İşlər Nazirliyində «Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi"nin və "I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər"in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. Nazir vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi işinin düzgün təşkilinin mühüm əhəmiyyətə malik olduğunu, son aylar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi və vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və ölkəmizin bir sıra rayonlarında səyyar xidmətlərin keçirildiyini, belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin göstərilən sahədə hələ xeyli görüləsi işlərin olduğunu diqqətə çatdırıb.
İlk Avropa Oyunlarının ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən geniş quruculuq, abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin əyani göstəricisi olduğunu xatırladan daxili işlər naziri bu mötəbər beynəlxalq idman yarışlarına hazırlıq işlərinin sürətlə getdiyini, planlaşdırılan tədbirlərin ardıcıllıqla yerinə yetirildiyini və ciddi nəzarətdə saxlanıldığını qeyd edib. Sözügedən ümumdövlət əhəmiyyətli tədbir ərəfəsində respublikada ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunması və I Avropa Oyunlarına hazırlıqla bağlı dövlətin, hökumətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz dəstəyi sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğu xüsusi vurğulanıb.
Mövcud kriminogen duruma toxunan nazir əvvəlki illərdə olduğu kimi cari ilin birinci rübündə də cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini bildirib.
İclasın yekununda nazir ucqar kənd və qəsəbələrdə səyyar qrupların fəaliyyətinin daha da gücləndirilməsinin, əhalinin bütün təbəqələrinin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasının, eyni zamanda, bu sahədə süründürməçilik hallarının qarşısının tam alınmasının, bu işlərə ərazi polis orqanları rəislərinin, müvafiq xidmət rəhbərlərinin, habelə kurator rəis müavinlərinin nəzarəti artırmalarının vacibliyini bir daha qeyd edib. Həmçinin, şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış sənədlərin dərhal sahiblərinə təqdim edilməsinin zəruriliyi nəzərə çatdırılıb.
Cənab Ramil Usubov I Avropa Oyunlarına hazırlıqla bağlı daxili işlər orqanlarının da üzərinə məsul vəzifələrin düşdüyünü, Azərbaycan Respublikası Prezidentinin Aktlarından irəli gələn məsələlərin, Təşkilat Komitəsinin müəyyənləşdirdiyi aidiyyəti vəzifələrin, Nazirliyin Tədbirlər Planlarının, əmr və göstərişlərinin layiqincə icrasının hər bir əməkdaşın şərəf işi olduğunu, bu zaman bir tərəfdən ən yüksək səviyyədə xidmət aparılmasının, digər tərəfdən, həmin Oyunlarda Azərbaycan Polisinin işgüzar nüfuzunun və imicinin daha da qaldırılması üçün şəxsi heyət tərəfindən lazımi səylərin göstərilməsinin əhəmiyyətini qeyd edib.
Daxili işlər naziri adıçəkilən tədbirin ölkəmizin adına və nüfuzuna layiq təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsinin, baş verə biləcək istənilən fövqəladə vəziyyətə hazırlıq məqsədilə vaxtaşırı təlim-məşqlərin təşkilinin, əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılmasının, Nazirliyin müvafiq strukturlarının aidiyyəti dövlət orqanları ilə davamlı informasiya mübadiləsi aparmasının, şəxsi heyətin mənəvi, psixoloji və peşəkar hazırlığının daha da yüksəldilməsinin vacibliyindən danışıb.
Çıxışının sonunda nazir, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti qarşıdan gələn I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün üzərinə düşən bütün məsul vəzifələri əzmlə yerinə yetirəcəkdir.
Mənbə:> ANSPRESS