Sistem adlarına iki avtomobil göstərir, özlərinin minməyə eşşəyi də yoxdur
"Bu gün ölkəmizdə 10 minlərlə sadəcə kağızda mövcud olan avtomobil var. Yəni avtomobil onun sahibi tərəfindən çoxdan "çıxdaş" edilib. Sənəddə isə mövcud avtoparkımızın tərkibində sayılır"
Son günlər ən çox müzakirə olunan məsələlərdən biri işsiz vətəndaşlar üçün ayrılan 190 manat birdəfəlik ödəmənin təyin edilməsi zamanı yaranan sistemdəki problemlərlə bağlıdır.
Belə ki, bu yardımı almaq üçün müraciət edən şəxslərə iki avtomobilinin olması əsas gətirilərək birdəfəlik ödəmədən imtina edilir. Halbuki, həmin şəxslərin çoxunun adına avtomobil çıxsa da, onların nəinki iki, heç bir avtomobili də yoxdur. Həsənov Vasif adlı sosial şəbəkə istifadəçisi ona iki avtomobili olduğu üçün imtina mesajı gəldiyini söyləyir: "Aprelin 28-də mənə mesaj gəldi ki, (ərinizin, arvadınızın) adında iki avtomobil olduğu üçün sizə 190 manat ödəməkdən imtina edilmişdir. Halbuki mənim minməyə eşşəyim də yoxdur".
Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son günlər ona bu mövzu ətrafında dayanmadan müraciətlər daxil olur: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi avtomobili olmayanlara "atomobilin var" deyə 190 manatdan imtina mesajı göndərir. Mənə də bir neçə şəxs bununla bağlı müraciət edib. Hətta bir neçə nəfərə verilən cavabda həmin şəxslərin adına iki və daha artıq avtomobil olduğu qeyd edilib. Mən bunu Baş Dövlət Yol Polisi İdarəsi ilə dəqiqləşdirdim. Məlum oldu ki, eyni adı, soyad və ata olan vətəndaşlar var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə aləmi qatıb bir-birinə. Savadsız insanlar da nazirlikdən gələn cavabı oxuyandan sonra pərişan halda sakit otururlar. Amma heç kim bilmir ki, haraya müraciət edib dəqiqləşdirmə aparmaq olar ki, onun adına həqiqətən maşın var, ya yox.
Mən sizin sayt vasitəsilə həmin insanlara tövsiyə edirəm ki, onlar dyp.gov.az saytına və ya 902 nömrəsinə müraciət edərək adlarına avtomobil olub-olmamasını dəqiqləşdirsinlər. Elə vətəndaşlar var ki, adlarına avtomobil olub, amma üç il əvvəl etibarnamə ilə satıblar. Onlar adlarından avtomobili çıxarıb təkrar müraciət etsinlər.
Bu məlumatlar DYP-də olan baza əsasında alınır və şəxsiyyət vəsiqəsinin FİN kodu əsas götürülür. Maraqlıdır ki, uzun illər əvvəl qeydiyyata alınan nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyət vəsiqəsinin FİN kodu Mərkəzi Məlumat Bazasında öz əksini tapmayıb. Buna görə də çaşqınlıq yaradıb. Ümid edirəm ki, nazirlik buna fərdi qaydada yanaşaraq vətəndaşların müraciətlərini nəzərə alacaq".
Elməddin Muradlı hesab edir ki, avtomobilinin kiminsə adına olması imtinaya səbəb olmamalıdır. "Çünki mövcud şəraitdə bəziləri avtomobili müəyyən məhdudiyyətlər - baş etibarnamə, nömrə saxlama olduğu üçün başqalarının adına keçirirlər. İndi buna görə başqaları niyə əziyyət çəkməlidir? Daxil olan müraciətlərdən aydın olur ki, qonşu maşın alarkən digər qonşunun adına onu rəsmiləşdirib. İndi həmin şəxs də sosial yardım ala bilmir. Baxmayaraq ki, maşın artıq üçüncü, dördüncü şəxslərə satılıb. Düzdür, vətəndaşlar da bəzən məsuliyyətsizlik edərək avtomobili etibarnamə ilə satırlar. Bu isə həmin şəxsi mülkiyyət hüququndan azad etmir. Amma elə faktlar var ki, bəzi vətəndaşların ümumiyyətlə heç vaxt maşını olmayıb".
Nəqliyyat məsələləri üzrə hüquqşunas Ərşad Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, burada söhbət avtomobillərin dövriyyəsində, daha dəqiqi uçota alınmasında və uçotdan çıxarılmasında olan problemdən gedir: "Nazirlikdən gələn bəzi imtina cavabları texniki xətalarla, yaxud müxtəlif orqanlar arasında məlumat mübadiləsindəki problemlə də bağlıdır. Amma ən ciddi problem ondan irəli gəlir ki, bu gün ölkəmizdə 10 minlərlə sadəcə kağızda mövcud olan avtomobil var. Yəni avtomobil onun sahibi tərəfindən çoxdan "çıxdaş" edilib. Sənəddə isə mövcud avtoparkımızın tərkibində sayılır. İkinci bir ciddi problem odur ki, yenə də 10 minlərlə avtomobil etibarnamə ilə "satılıb", yaxud əsl sahiblik edən onu alanda dostunun, qohumunun, qonşusunun adına rəsmiləşdirib. İndi həmin etibarnamə ilə "satanların" və adına üzünü görmədiyi avtomobil olanların bəziləri hətta bunu unudublar. Sənəddə isə onlar avtomobil sahibi olaraq qalırlar.
Belə problem yaşanmaması üçün avtomobillərin həm uçota alınması, həm də uçotdan silinməsi işində ciddi dəyişiklik lazımdır. Uçota alma maksimum şəffaf və operativ olmalıdır ki, heç kəs faktiki alqı-satqı əvəzinə etibarnamayə və ya başqa üsula üz tutmasın. Uçotdan çıxarma işi isə həm təbliğ olunmalıdır, həm də operativ prosedur müəyyən edilməlidir. Bunun üçün isə qeyd edim ki, tezliklə utilizasiya proqramı təsdiqlənməli və icraya başlanılmalıdır".
Nazirlikdən isə bildirdilər ki, bu ödəməni almaq üçün edilmiş müraciətlərin e-sistem tərəfindən emalı zamanı Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsas götürülür. Birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir. Birdəfəlik ödəmələr ünvanlılıq prinsipi əsasında, aztəminatlılıq meyarlarına uyğun gələn şəxslərə təyin olunur. Hazırda da müraciətlərə baxılması prosesi davam edir".
Qeyd edək ki, indiyədək 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu müəyyən olunduğu üçün birdəfəlik ödəmə üçün imtina mesajı göndərilib.
Mənbə:> SPUTNIK