Azərbaycanda satılan avtomobil 8 il əvvəl İtaliyada oğurlanıb – VİDEO
Rüstəm Əliyev ötən ilin martında Rövşən Kazbekov adlı şəxsdən 10 min manata avtomobil alıb. Pulu ödəyib, yol polisinə müraciət edib və nəqliyyat vasitəsini öz adına keçirib.
Bundan sonra həmin avtomobillə Rusiya Federasiyasına səfərə gedən Rüstəm Əliyevi sərhədi keçdikdən sonra yol polisi saxlayıb və ona avtomobilin oğurluq olduğunu bildirib.
Avtomobilsiz Azərbaycana qayıdan Rüstəm Əliyev deyir ki, nəqliyyat vasitəsini ona satan Rövşən Kazbekovla əlaqə saxlayaraq avtomobilin oğurluq olduğunu deyib.
R.Kazbekov isə bildirib ki, avtomobil oğurluq ola bilməz, əgər olsaydı, yol polisi onu sənədləşdirməzdi. Bundan sonra Rüstəm Əliyev avtomobili onun adına keçirən yol polisinə müraciət edib. Oradan isə bildirilib ki, yanlışlıq olub.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, işində nöqsana yol verərək həmin avtomobil haqqında alıcıya yanlış məlumat verən şəxs idarənin texniki işçisi olub. Bu səhvinə görə, o, intizam tənbehinə cəlb olunaraq cəzalandırılıb. Həmin şəxsə dəyən ziyana gəldikdə isə, o, bunu məhkəmə yolu ilə Baş Dövlət Yol Polisi İdarəsindən tələb edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Mənbə:> XəzərXəbər