Xətai rayonunda vətəndaşlar ödənişli ictimai işlərə cəlb olunur - FOTO
Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar müvəqqəti olaraq işsiz qalmış vətəndaşların maddi durumu ilə bağlı çətinliyin aradan qaldırılması məqsədilə önləyici tədbirlər görülməkdədir. Pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması dövlətin prioritet fəaliyyət istiqamətlərindən biridir.
Oxu.Az xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən verilən məlumatda qeyd olunub.
Bildirilib ki, ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması, işsizlik səviyyəsinin minimuma endirilməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Xətai rayonunda da sakinlərin ödənişli ictimai işlərə cəlb olunması tədbirləri uğurla davam etdirilir.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə yaradılan ictimai iş yerləri ilə təmin olunmaq üçün Xətai rayon Məşğulluq Mərkəzinə 1300-dən artıq müraciət daxil olub, onlardan aylıq məvacibləri ödənilməklə 800-dən artıq işsiz vətəndaş müxtəlif işlərə cəlb olunub. Hazırda bu işçilərin bir qismi Məzahir Rüstəmov, İnqilab İsmayılov, Şirvani, Qaçaq Nəbi küçələrində və rayonun digər ərazilərində aparılan abadlıq-quruculuq işlərində fəal iştirak edirlər.
Yeni yaradılan iş yerləri həmçinin dezinfeksiya işlərini, həssas qruplara sosial xidmətlərin göstərilməsi, karantin dövründə ehtiyaclı ailələrə maddi yardımların çatdırılması və s. kimi sahələri əhatə edir. Xətai rayon sakinlərinin diqqətinə bir daha çatdırılır ki, karantin rejimi dövründə işsiz qalmış şəxslər ödənişli ictimai işlərə cəlb olunmaları ilə bağlı rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə və ya elektron qaydada müraciət ünvanlaya bilərlər.
Tel.: (+99412) 490-08-08.
E-mail: mail@khatai-ih.gov.az
Mənbə:> Oxu.Az