SOCAR 7541 nəfəri müvəqqəti işlə təmin etdi
Azərbaycan prezidenti İlham Əliyevin regionlarda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi üçün işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması haqqında tapşırığının icrası ilə əlaqədar ölkəmizin ən böyük dövlət şirkəti olan SOCAR-da da məqsədyönlü işlər aparılır.
Bu barədə SOCAR-dan Oxu.Az-a bildirilib.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə respublikamızın bütün ərazisini əhatə edən bu genişmiqyaslı layihə uğurla həyata keçirilir. Regionlarda yaranmış əlavə iş həcmləri araşdırılmış, həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilib və müddətli vakansiyaların rayonlar üzrə bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Layihə çərçivəsində işə qəbul edilənlərlə müqavilə Nazirliyin regionlardakı Məşğulluq Xidmətlərinin göndərişləri əsasında həyata keçirilir.
Vakansiyalar əsasən, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, “Qaz İxrac” və Nəqliyyat İdarələrini, eləcə də şirkətin təsisçiliyi ilə yaradılmış Alyansları, Birgə Müəssisələri və Əməliyyat Şirkətlərini əhatə edib. Cari il mart ayının 1-ə kimi SOCAR üzrə ümumilikdə 7541 nəfər, o cümlədən “Azəriqaz” İB üzrə 5357, “Qaz İxrac” İdarəsi üzrə 960, Nəqliyyat İdarəsi üzrə isə 283 nəfər müvəqqəti işlə təmin olunub.
SOCAR üzrə ümumi işlə təmin olunan 7541 nəfərin 941-i Alyans, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin payına düşüb. Demək olar ki, ölkənin bütün rayon və şəhərlərini əhatə edən bu işəgötürmə kampaniyası zamanı Bakının Qaradağ rayonu (432 nəfər), Gəncə şəhəri (269 nəfər), Şəmkir (250 nəfər), Masallı (237 nəfər), Lənkəran (235 nəfər), Salyan (225 nəfər), Bərdə (221 nəfər), Cəlilabad (221 nəfər) rayonları iş həcmləri və qəbul edilən müvəqqəti işçilərin sayı baxımından daha çox fərqləniblər”, - deyə şirkətdən qeyd edilib.
SOCAR-dan həmçinin vurğulanıb ki, ölkə iqtisadiyyatının dinamik inkişafına daim mühüm töhfələr verən SOCAR bundan sonra da əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni-yeni iş yerlərinin açılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Mənbə:> Oxu.Az